Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Politoloq: Saakaşvili Ukraynada “mövcud olmayan orijinalın surətidir”

Ukraynada ölkədaxili vəziyyət hər gün yeni çalar alır. Mixail Saakaşvili Ukrayna xalqını hökumətə qarşı çıxmağa çağırır və ölkədə sabitliyin pozulmasına vəsilə olur. M.Saakaşvilinin bu cəhdlərinin nə dərəcədə nəticə verəcəyi və Ukraynada sabitliyin pozulmasında Rusiyanın hansı rol oynadığı ilə bağlı suallara Oxu.Az-a verdiyi müsahibədə siyasi elmlər namizədi, ukraynalı ekspert Aleksey Poltorakov aydınlıq gətirib:

– Saakaşvili Ukrayna xalqını hökumətə qarşı mitinqlərə çağırır. Bunu necə qiymətəndirirsiniz?

– Sosiologiya onu göstərir ki, ənənəvi olaraq cəmiyyətin hakimiyyətə olan etibarının aşağı səviyyədə olmasına baxmayaraq, latent sosial etiraz “ab-havasının” ciddi siyasi bir hadisəyə çevrilmə perspektikləri faktiki olaraq mövcud deyil. Bunun üçün nə sosial-iqtisadi situasiya, nə də partiyalarla əlaqəli siyasi “bölgülər” zəmin yaradır.

Bundan savayı, son yalançı “maydanlar”la bağlı təcrübə onu göstərir ki, onların “liderləri” heç öz aralarında hər hansı addımları razılaşdıra bilmir, qaldı ki, vahid cəbhə şəklində çıxış etməyi. Müxtəlif qütblərdən olan populistlər öz aralarında “kimin səsi daha ucadan çıxacaq” prinsipi ilə  rəqabət aparır. Belə toplantıların özəyini – bu yaxınlardakı “Ləyaqət inqilabından” fərqli olaraq, pul gücünə mitinqlərə cəlb edilən iştirakçılar təşkil edir, nəinki ideyaların dalınca düşən fəallar.

– Ukraynadakı mövcud daxili siyasi şəraitdə Saakaşvilini ciddi fiqur hesab etmək olarmı?

– Sosial elmlərdə belə bir termin var - “Tomas teoremi” – insan və ya cəmiyyət situasiyanı olduğu kimi qəbul edərsə, o da nəticə etibarilə real olar. Mixail Saakaşvili fiqurunun ətrafında formalaşan siyasi-sosial vəziyyətə məhz bu sosioloji aforizmin kontekstində baxmaq olar.

Başlanğıcda, Saakaşvili fenomeni Ukrayna siyasi kontekstində daha çox süni, hətta deyərdim, bir qədər mücərrəd xarakter daşıyırdı. İndi isə ondan danışdıqda sərbəst şəkildə “simulyakrum” termini istifadə etmək olar, yəni “mövcud olmayan orijinalın surəti”.

“Mixail Saakaşvilinin uzun müddət gündəmdə olan ümumukrayna reytinqi heç vaxt  bir neçə faizi keçməyib, “sosial xəta” hüdudlarında olub (1.8%). Bu, kifayət qədər qəribə olan siyasi fiqurun rüsvayçı ədaları onu bu və ya digər, süni yolla olsa belə, tanıtmaq məqsədi daşıyıb. Üstəlik, M.Saakaşvilinin nə düzgün bir komandası, nə çoxşaxəli siyasi partiya infrastrukturu, nə ciddi və məqsədli siyasi ideologiyası, nə də əsas makrosiyasi məsələlər və problemlər üzrə dəqiq mövqeyi var. Sadəcə olaraq, siyasi ciddi peşədə “yaxşı oğlan” olmur.

Nə qədər qəribə olsa da, Mixail Saakaşvili fiqurunun gündəmə gəlməsində həm də müəyyən miqdarda öz yöndəmsiz addımları ilə çox vaxt elə Saakaşvilinin xeyrinə işləyən Ukrayna hakimiyyətinin rolu olub. Cəsarətli şəkildə demək olar ki, Ukrayna hakimiyyəti əvvəllər subyektiv olaraq Saakaşvili faktorunu realda olduğundan daha yüksək qiymətləndirib və indi isə bu “yüksəkqiymətləndirmənin” fəsadları ilə üz-üzə qalıb, onlardan qurtulmağa çalışır (bir daha “Tomas teoremini” xatırlayaq). Əks təqdirdə Saakaşvilinin perspektivləri daha tez “havaya üfürülərdi”.

– Ukraynada daxili siyasi vəziyyətin gərginləşməsində Rusiyanın rolu nə dərəcədə güclüdür?

– Bu kimi hallarda Napoleonun sözləri yada düşür, “axmaqlığın büruzə verdiyi şeyi hiyləgərliklə izah etməyə dəyməz”. Başqa sözlə desək, Ukraynanın daxili siyasətində “Rusiya faktoru” ənənəvi olaraq şişirdilir.

Bir tərəfdən, Moskva Ukraynada vəziyyətin daxildən gərginləşməsində və dövlətin siyasi-sosial “müflisləşmə” uçurumuna yaxınlaşmasında maraqlıdır. Bu baxımdan, əksər ukraynalı siyasi qüvvələr və fiqurlar bu və ya digər yolla atdıqları addımlarla (bəzən isə ümumiyyətlə, fəaliyyətsizlikləri ilə) bu cür gərginliyin yaranmasına  əlverişli şərait yaradır. Digər tərəfdən, Ukraynada və ümumiyyətlə, Kiyevdə ciddi Rusiyayönümlü açıq-aşkar və məqsədyönlü şəkildə dağıdıcı funksiyanı yerinə yetirən “beşinci kolonun” mövcudluğunda israr etmək düzgün olmazdı. Müxtəlif siyasi fiqur və qüvvələrin bəyanatları, hərəkətlərinin yekunda hər hansı islahat və inkişafa gətirmədiyini nəzərə alsaq, burada daha çox məcmu effektdən danışmaq yerinə düşər.

– Ukraynadakı mövcud ölkədaxili situasiya nə ilə nəticələnəcək?

– İndiki siyasi vəziyyəti uzun çəkən ilkin seçki kampaniyası (həm parlament, həm də prezident seçki kampaniyası) startı kimi də qələmə vermək olar. Siyasi aləmdə “əsas səhmlər paketinə nəzarət edən” qüvvələr nəticələrinin qabaqcadan proqnozlaşdırılması çətin olan erkən seçkilərin keçirilməsində maraqlı deyil. Ona görə də belə “fors-major” risklər özünü nə iqtisadi, nə də siyasi cəhətdən doğruldur.

İnsanları bu və ya digər formada olan sosial-siyasi etiraz aksiyalarına kifayət qədər kiçik və qeyri-müəyyən olan elektoratlarını toplamağa və möhkəmləndirməyə çalışan, nisbi cəhətdən “marginal” olan siyasətçilər çağırır. Belə olan halda, bir yığın standart şüarlardan, klişelərdən və stereotiplərdən istifadə olunur. Halbuki, belə şüarlarla  sosial etirazlara böyük insan kütləsini cəlb edə biləcəkləri real görünmür.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...