Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Uşaq doğmağı dayandırın...

Bu günlərdə belə bir mesaj aldım: "Bu gün işə gedərkən müəllimə yoldaşımla dayanacaqda avtobus gözləyirdik. 20-23 yaşlarında bir qız bizə yaxınlaşdı. Çəkinə-çəkinə soruşdu: "Bağışlayın, mənə içəndə hamiləliyi pozan dərman adı deyə bilərsiniz? Dedim qızım, neyləyirsən o dərmanı? Dedi hamiləyəm, amma bu uşağı istəmirəm. Niyəsini soruşdum. Dedi, yoldaşım çox içir, bir yaşında oğlum var, onu belə necə böyüdəcəyimi bilmirəm. Evlərə təmizliyə gedirəm. İndi də hamiləyəm deyə ürəyim bulanır, gözüm qaralır, ayaqlarım əsir. Mən bu vəziyyətdə necə işləyim evlərdə? Dedim bəs sənin valideynlərin yoxdurmu? Dedi ki, var, amma onlar rayonda yaşayırlar. Əgər onlar bilsələr ki, mən hamiləyəm, deyəcəklər doğ. Axı mən necə doğum bu uşağı? O ərə ki güvənmirəm.

Dedi 20 manat pulum var. Ev təmizliyindən veriblər. Bilmirəm, gedib yalvarsam, ginekoloq bu uşağı abort edərmi.

İnanın bütün günü o qızı düşünmüşəm. Bu valideynlər övladlarına niyə sahib çıxmırlar? Bəyəm qız övlad deyilmi?"

Mesajı oxuyandan sonra bir müddət cavab verə bilmədim. Nə deyəydim, nə yazaydım? Verilən suala cavabım yox idi, ancaq qızın sonrakı taleyi ilə maraqlanmaq istədim. O da məchul idi...

Əslində, bir məqama sevindim. Sözügedən xanım reallığın fərqindədir, daha bir uşağı doğub taleyin ümidinə qoymaq istəmir. Bunun nə demək olduğunu bilir, məsuliyyət hiss edir. Zülm ayda-ildə bir dəfə bir damın altında bir araya gələn ər-arvadın dünyaya gələcək olan uşağın məsuliyyətini, bir insan həyatını düşünmədən cinsi əlaqədə olmasıdır.

Bu yaxınlarda xeyirxah insanlarla çətin durumda olan bir xanımın yaşadığı evdə olduq. İki uşaqla darısqal birotaqlı kirayə evdə yaşayırdı. Uşaqlardan biri fiziki qüsurlu idi. Ailə başçısı, demək olar ki, evə gəlmir. Xanımın dediyinə görə, başqa biriylə yaşayır, evə gələndə də dava-qarğın... Heç onların nə yeyib-içdiyini də düşünmür. Ağırdı, çətindi. Amma işin ən faciəvi tərəfi xanımın 8 aylıq hamilə olması idi. Təbii olaraq soruşdum ki, bəs münasibətlər bu həddədirsə, bu uşağa hamilə olmaq nə məsələdir? Dedi, nə bilim, oldu da... Hamilə qaldım, sonra da abort etdirməyə pulum olmadı. Əslində, indi uşağı dünyaya gətirmək, ona pal-paltar almaq üçün pul yığmaq əvəzinə, onu bu həyatdan xilas etmək üçün yardım istəmək, bunun üçün həyəcan keçirmək lazım idi.

Ölkəmizdə bu vəziyyətdə olan onlarla, yüzlərlə xanım var. Və onlar dərk etmir ki, insan taleyi "nə bilim..." deyəcək, dırnaqarası baxılacaq məsələ deyil. Özünün xoşbəxt olmadığın, rahat olmadığın evdə, dünyada, sevgi, sayğı görmədiyin, digər uşaqlarına atalıq etməyən "həyat yoldaşı"ndan uşaq dünyaya gətirmək heç bir məntiqə sığmır.

Təsəvvür edin, qadının həyat yoldaşına o qədər nifrəti, hiddəti var ki, oğlunun da ona bənzədiyini, onun kimi hərəkət etdiyini deyərək sevgisindən məhrum edir. Doğduğun övladın digər ehtiyaclarını, sığortalanmayan gələcəyini bir kənara qoyduq, sevgi verə bilməyəcəyin bir insanı şüursuz şəkildə dünyaya gətirməyin adı nədir? Bu kimi durumlar artıq fərdi məsələ olmaqdan da çıxıb.

Ailə cəmiyyət idarəçiliyi üçün önəmli bir institutdur. Əgər yaşadığımız dövrdə ailələrin vəziyyəti belədirsə, bu, o deməkdir ki, cəmiyyət təhlükədədir. 

Ona görə dəfələrlə yazırıq, deyirik ki, ailənin, uşaq dünyaya gətirməyin məsuliyyətini dərk edəcək səviyyəyə çatandan sonra evlənin, ərə gedin. Heç olmasa özünüz çətin vəziyyətdən çıxaracaq savadınız, iş-gücünüz, çevrəniz, elementar tibbi bilgiləriniz olsun. Adicə hamiləlikdən qorunma vasitələrindən xəbərsiz olmaq, dalbadal, dalbadal... uşaq doğmaqla dünyanı qurtarmaq olmaz.

Ağzımızı açan kimi deyirlər, "ailə institutu", "adət-ənənə", "ailə dəyərləri"... Ailə dəyərlərimizə sayğı duyuruq. Bəs bu dəyərlərin var olmadığı bərabərliklər və bu cütləşmədən dünyaya gələn günahsız körpələr? Bunları hara yazaq? Hərdən bu kimi durumlara elə reaksiya verirlər ki, sanki biz başqa planetdə baş verən hadisələrdən yazırıq. Ancaq təəssüf ki, bütün bunlar həqiqətdir və türklər demiş, bizim yanıbaşımızda baş verir. Və təəssüflər olsun ki, bu uşaqlar xeyirxah insanların övladlarının köhnə paltarlarıyla, onların aralarında topladığı 3-5 manatla böyüyür. Necə deyərlər, Allah ümidinə... Bəs sevgini, tərbiyəni, təhsili, sağlam gələcəyi onlara kim verəcək?

Yazımın əvvəlinə qayıdıram. Mənə ünvanlanan sual, əslində, başqa cür olmalıydı. Valideynlər övladlarına niyə sahib çıxmırlar yox, loru dildə desəm, insanlar niyə düşüncəsiz şəkildə törəyirlər?

Məncə, aidiyyəti qurumlar, təşkilatlar, şəxslər bu məsələ ilə ciddi şəkildə maraqlanmalı, məşğul olmalıdırlar. Yenə deyirəm, bu məsələ artıq şəxsi məsələ olmaqdan çıxıb.

Bir dəfə yazmışdım. Bir müddət əvvəl Türkiyənin ucqar kəndlərində çoxuşaqlılığın qarşısını almaq üçün qadınlara uşaqlıqdaxili vasitələr (spirallar) qoyulub. Uşaqlıq daxilinə yerləşdirilən spiral spermatozoidlərin hərəkətini zəiflədir və bununla da mayalanma prosesini pozur. Qadınlar axşam evə gələndə ərləri soruşub ki, sizi xəstəxanaya niyə aparmışdılar? Qadınlar deyəndə ki, bəs bizə nəsə dəmir taxdılar. Bunu eşidən kişilər də elə biliblər ki, dövlət qadınlardan agent kimi istifadə etmək istəyir. Hər dəfə cinsi aktı həyata keçirəndə uca səslə vətənə, dövlətə sadiqlik haqqında moizələr oxuyurmuşlar. Elə bizdə də belə tragikomik vəziyyət alınıb. Və məsələnin faciəvi tərəfi daha ağır gəlir, ona görə də düşünmək və hərəkətə keçmək lazımdır. Ümid edirəm ki, hələ gec deyil...

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...