Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sərkisyanın qələbəsi qanla bitəcək - Şərh

Ermənistanda gözlənilən baş verdi. Separatçı Qarabağ klanı Ermənistan parlamenti üzərindəki nəzarətini gücləndirdi.

Mynews.az xəbər verir ki, bu sözləri Ermənistanda pralament seçkisinin nəticələrini şərh edən politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, 2 aprel parlament seçkisinin nəticəsindən fərqli heç nə çıxmadı və Sərkisyanı sərt tənqid edən hər iki müxalif blok parlamentdən kənarda qaldı.

“Halbuki müxalifət adına keçirdikləri mitinqlərdə kifayət qədər etirazçı toplaya bilirdilər. Buna baxmayaraq, parlamentə müxalifət adına hakimiyyətlə bir çox dəyərləri bölüşdürən “Çiçəklənən Ermənistan” və “Daşnaksütyun” partiyaları düşdülər. Bu nəticələri necə dəyərləndirmək lazımdır?

Birincisi, 20 ildir Ermənistanda hakimiyyəti nəzarətdə saxlayan separatçı Qarabağ klanı yaxın illərdə iqtidarını qoruyacaq. Konstitusiya dəyişdiyindən əsas rol parlamentə və hökumətə keçir. Serj Sərkisyan hər ikisi üzərində nəzarətini saxlayacaq. Bu, o vaxta qədər davam edəcək ki, Ermənistan cəmiyyəti inqilab və ya silah gücünə bu hakimiyyəti devirməsin. Əks halda, indiki klan “seçki yoluyla” hakimiyyətdən gedən deyil. Əlbəttə, Ermənistan müxalifəti seçki nəticələrinə hansısa formada etiraz edəcək. Ancaq bunun ümumi nəticəyə təsiri olmayacaq. Sərkisyan prezident seçkisində onlarla vətəndaşını gülləbaran etmişdi, lazım gəlsə, indi də vətəndaşlarının qanını tökər, ancaq geri addım atmaz.

İkincisi, Ermənistanda parlament seçkisinin nəticəsi Qarabağ danışıqlarında irəliləyişin olmayacağının işarəsidir. İşğal davam edəcək və Sərkisyan əvvəlkitək status-kvonu uzatmağa çalışacaq. Ermənistanda Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacib olduğunu düşünən siyasətçilər var. Ancaq biz nə vaxtsa onların hakimiyyətə gələcəyini gözləyə bilmərik. Vaxt gedir. Qarşımızdakı eyni qüvvədir və onunla danışmağın yolu bəllidir”.

Politoloq onu da əlavə edib ki, Lavrov Sərkisyanı tərifləmək üçün çox uyğun zaman seçib:

“Sərkisyan parlamentdə “qələbəsini” təmin edir, eyni gündə Lavrovun “Novoye vremya” dərgisindəki yazısında vurğulanır ki, Rusiya İrəvanın Suriya sakinlərinə humanitar dəstəyini yüksək dəyərləndirir. Lavrov gərək bu cümləsinə zəruri düzəliş edərdi, çünki İrəvan Suriyanın bütün vətəndaşlarına deyil, ancaq Suriya ermənilərinə humanitar yardım göndərib. Bir az sonra Lavrov və ya onun şefi Sərkisyanın “qələbəsi” münasibətilə də onu təbrik edəcəklər. Çünki Sərkisyanın “qələbə” ssenarisinin müəllifləri Moskvadadır”.

Qeyd edək ki, Ermənistanın Mərkəzi Seçki Komissiyası aprelin 2-də keçirilən seçkilərin ilkin nəticələrini açıqlayıb. Nəticəyə əsasən, hakim Respublika Partiyası seçicilərin 49,06%-nin səslərini toplayıb. Sonrakı yeri isə 27,58% səslə Çarukyan bloku tutur. Növbəti yerlərdə isə Yelk bloku (7,69%), Daşnaksütyun Partiyası (6,61%), Erməni Oyanışı Partiyası (3,71%), Ohanyan-Raffi-Oskanyan bloku (2,08%), Erməni Milli Konqresi bloku (1,62%), Azad Demokratlar Partiyası (0,9%) və Ermənistan Kommunist Partiyası (0,74%) qərarlaşıb.

Belə ki, Ermənistan parlamentinə Respublika Partiyası, Çarukyan bloku, Yelk bloku və Daşnaksütyun Partiyası keçir.

Məlumata görə, seçki zamanı 1700-dən çox pozuntu qeydə alınıb. Axar.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...