Günəşdə güclü partlayışla bağlı Rəsədxanadan XƏBƏRDARLIQ

753
Günəşdə güclü partlayışla bağlı Rəsədxanadan XƏBƏRDARLIQ

Bu gün Günəşdə güclü partlayış baş verib. Bu hadisə rusiyalı alimlər tərəfindən birmənalı qarşılanmayıb. Rusiya mətbuatında həyəcan təbili çalınıb. Günəşdə partlayışdan sonra ciddi fəsadlar olacağı barədə xəbərdarlıqlar edilib. Həqiqətən də, bu gün baş verən hadisənin ciddi fəsadları olacaqmı? Bu hadisə Azərbaycanda hansı səviyyədə hiss olunacaq?  

Mynews.az  xəbər verir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov “Ölkə.Az”a açıqlamasında bildirib ki, baş verən hadisə təbii prosesdir. 

Onun sözlərinə görə, bu gün baş verən partlayış həqiqətən də X səviyyəsində olub.

“Bu partlayış gün ərzində davam edib. Bu hadisənin təsiri bir gün, uzağı iki gündən sonra bilinəcək”, - deyə Xıdır Mikayılov bildirib.

Alimin sözlərinə görə, müxtəlif dövrlərdə belə alışmalar olub:

“Həmin dövrlər ciddi fəsadlar olmayıb. Sadəcə xəstə və səhhətində problem olan insanlar var. Həmin insanlara müəyyən mənada bu partlayış təsir edə bilər. Belə insanlar günün altında olmamalıdırlar. Çalışıb evdə qalmalıdırlar”.

 X.Mikayılov deyir ki, bu hadisədən sonra müxtəlif problemlər də yarana bilər:

“Günəşdə partlayış kommunikasiya və elektrik xətlərində problemlər yarada bilər. Vaxtilə belə problemlər olub. İndi ümid edək ki, belə təhlükə olmayacaq”. 
 
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Harvard universitetinin astronomiya fakültəsinin rəhbəri Abraham Loeb və onun həmkarı Manasvi Linqam məlum hadisə ilə bağlı dəhşətli proqnozlar irəli sürmüşdülər. Onların iddialarına görə, bəşəriyyəti Günəşdə baş verən güclü partlayış məhv edəcək. X.Mikayılov həmin iddianı belə izah edib:

“Amerika alimlərinin Günəşdə güclü partlayış nəticəsində bəşəriyyət məhv ola bilər iddiası əslində şişirdilmiş fərziyədir. Həmin alimlər ola bilər hadisə barədə hansısa fikir səsləndiriblər. Mətbuat vasitəsilə həmin fikirlər şişirdilib. Nüfuzlu alimlər belə söz deyə bilməzlər. Bu sözlər cəfəngiyyatdır”.

Xəbər lenti