Güclü külək olacaq, temperatur düşəcək
Bu gündən Azərbaycanda təhlükəli hidrometeoroloji hadisə başlayır. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edib. Qurumdan verilən məlumata görə, martın 31-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək.
Xəzərdə fırtına həyəcanı: neftçilər evakuasiya edildi
ETSN tibbi-meteoroloji xəbərdarlıq edir ki, martın 31-də Abşeron yarımadasında atmosfer təzyiqinin qısa müddətdə xeyli yüksəlməsi fonunda güclü xəzri küləyi meteohəssas insanlar üçün çox əlverişsizdir.
Mart ayının son günündə Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7, gündüz 8-13, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında martın 31-də bəzi yerlərdə şimşək çaxacağı, şimal və qərb rayonlarından başlayaraq arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 2-7, gündüz 13-18 dərəcə isti, dağlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir