Azərbaycan filmi beynəlxalq festivalda üç mükafat aldı

809
Azərbaycan filmi beynəlxalq festivalda üç mükafat aldı

Kinorejissor və kinossenarist İlqar Nəcəfin “Nar bağı” bədii filmi 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafatlarla təltif olunub.

Mynews.az xəbər verir ki, Qurban İsmayılov “Ən yaxşı kişi rolu” mükafatına, film isə “Münsiflər heyətinin xüsusi mükafatı” və FIPRESCI (Beynəlxalq Kinotənqidçilər Federasiyası) tərəfindən “Xüsusi vurğulama”ya layiq görülüb.

Qeyd edək ki, “Nar bağı” festivalın əsas müsabiqə proqramında təqdim olunub.

“Nar bağı” bədii filmini Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və “Buta Film” kino şirkəti birgə istehsal edib.

Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Ekran əsəri maraqlı bir ailə dramı üzərində qurulub. Qabil 12 il əvvəl heç kimlə sağollaşmadan tərk etdiyi evinə qayıdır. Lakin onun geridə buraxdığı dərin emosional yara hamının xatirindədir və asanlıqla unudula bilməz.

Psixoloji dram janrında çəkilən filmdə baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırıblar.

 

Xəbər lenti