2011-ci ildən etibarən hər il mütəmadi olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Xınalıq və ətraf ərazilərdə arxeoloji tədqiqat işləri aparılır.
Mynews.az bildirir ki, Nazirlikdən verilən məlumata görə, arxeoloji qazıntı işləri nəticəsində çox saylı kurqanlarla yanaşı, “Zangar” (Xınalıq) və “Kıma liqebriş” (qədim qəbiristanlıq) kimi müxtəlif dövrlərə aid yeni abidələr aşkar olunub. Qeyd olunan abidələr Azərbaycan ərazisində dəniz səviyyəsindən yerləşmə hündürlüyünə görə erkən tunc dövrünə aid nadir tapıntılar sayıla bilər.
2017-ci ilin iyul ayından etibarən “Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun 2 km cənub-şərqində, Qudyalçayın sağ sahilində yerləşən "Kıma liqebriş" (qədim qəbiristanlıq) adlanan ərazidə aparılan arxeoloji qazıntı işləri nəticəsində antik dövrə aid (e.ə. III-II əsr) qəbiristanlıq aşkar edilib. Tədqiq olunan qəbirlərdən maddi mədəniyyət nümunələri - bir ədəd dəmir ox ucu, müxtəlif növ muncuqlar, tuncdan hazırlanmış unikal bəzək əşyaları aşkar olunub. Əldə olunan tapıntılar Xınalıqla Qafqazın müxtəlif bölgələri arasında iqtisadi və mədəni əlaqələrin olmasına dəlalət edir.
Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri olan 5000 illik tarixə malik Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsi olaraq qalır.
Qeyd edək ki, dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən Xınalıq kəndi özünəməxsus coğrafi mövqeyə və unikal memarlıq görkəminə malikdir.
Azərbaycan prezidentinin 19 dekabr 2007-ci il tarixli, 2563 nömrəli sərəncamı ilə Quba rayonunun Xınalıq kəndinin tarixi ərazisinin “Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu elan olunmasından sonra, Xınalıq kəndinin adət-ənənəsinin və unikal görünüşünün qorunub saxlanılması, dilinin və etnoqrafiyasının öyrənilməsi istiqamətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sistematik olaraq bir sıra mühüm işlər görülüb.