Gənclər ikinci pərdəni qaldırdılar Tima arvadının dostu Ariflə xəyanətini gördü - FOTOLAR

852
Gənclər ikinci pərdəni qaldırdılar Tima arvadının dostu Ariflə xəyanətini gördü - FOTOLAR

Nə vaxtsa çağdaş yerli kino istehsalçılarının filminə belə maraqla oturub baxacağım ağlımın ucundan da keçməzdi. Amma baxdım... Nəfəsimi dərmədən, hadisələrin gedişatını həyəcanla təxmin edərək izlədim. Filmi izləyə-izləyə nədənsə beynimdə Ramiz Rövşənin “Kişilər bir olmur, atam balası, qorxağı var, igidi var” misraları dolaşırdı. Çünki hadisənin əsas qəhrəmanları məhəllə uşaqlarıdır. Həyatları da doğma məhəllələri kimi xarabazara dönən bu gənclər, bəxt aynalarının çilik-çilik olan parçalarını tapıb, birləşdirməyə çalışsalar da, əməkləri boşa gedir.

Filmin ssenari müəllifi Pərviz Həsənov, rejissoru isə Emil Quliyevdir. Emil Quliyev bu gün nəhəng rejissorların müraciət edib, ən nüfuzlu mükafatlar qazandığı aktual, dünyəvi mövzulara toxunsaydı, yəqin ki, Azərbaycan tamaşaçısının dərin marağına səbəb ola bilməzdi. Odur ki, mövzu xəyanətdir. Həm də böyük, yağlı hərflərlə XƏYANƏT.

Avropada kino tənqidçisi çox dərin anlayışdır. İllərini bu sahə üzrə təhsilə həsr edən tənqidçilər özləri qısa zamanda rejissor olub, dünyaşöhrətli filmlər ərsəyə gətirirlər. Boyumu aşan bu ağır məsuliyyətin altına girib, standart şablon cümlələrdən ibarət təhlillə sizi yormayacam. Film haqda təəssüratlarımı bölüşməklə kifayətlənəcəm.

Yaxınlarda xarici mediada incəsənət haqda sənədli film izlədim. Ekranda bir şkala təsviri var. Onilliklər keçdikcə o şkalanın keyfiyyəti də aşağı düşür. 2000-ci illərə çatanda isə ümumiyyətlə 0-a enir. Bu göstəricini mədəniyyətin digər növlərinə, həmçinin insan mənəviyyatı deyilən məfhuma da aid etmək olar. Elə sovet dövründə çəkilən Azərbaycan filmlərinə nəzər salaq. Ailəli qadının onu illərdir cavabsız sevən digər kişiyə müharibədən dönməyəcəyini bilə-bilə “sağ-salamat qayıt, səni gözələyəcəm” deyib, həyat eşqini artırmağı belə ərinə xəyanət sayılırdı. Çağdaş kinematoqrafda isə Azərbaycan qadını ərinin burnunun dibində onun yatağına başqa kişi salır. Bu həm də başdan ayağa çirkaba batmış çürük mentalitetin fəsadlarıdır.

Rus məişətindən bizə keçən bir cəhət var. Kişilər bir məclisdə cəm oldumu, gərək içsinlər. Lül-qəmbər olub, özlərini itirənə, dava salana kimi sərxoş olsunlar. Halbuki dünyanın bir azca tərəqqi etmiş cəmiyyətlərində spirtli içki əhvalı yüksəldib, iştahı artırmaq üçün bir vasitədir. Başımıza gələn müsibətlərin bir səbəbi də bu deyilmi?! Hər şeydə ifrata varmaq.

Tanrının belə varlığından xəbərsiz olduğu bəxtsiz İbişin doğum günü yığıncağıdır. Yeyib-içəndən sonra Tima adlı dost qalxıb gecə növbəsində işə tələsir. Digərləri də bir ağızdan “getmə, qoy başqası bu gecə səni əvəzləsin" deyə, etiraz etməyə başlayırlar. Tima da üzrxahlıq edib, məclisi tərk edir. Elə bu an cəmiyyətimizdəki cılızlaşmış kişi prototipləri meydana çıxır. Başındakı papağı özündən üstün tutan əcdadların törəmələri Timanın qeybətini eləməyə başlayırlar. Söhbətin gedişatından məlum olur ki, Timanın arvadı onun uşaqlıq dostu ilə sevişir. Həm də bütün məhəllə bundan danışır.

Bu zavallı İbiş də xəyanətə uğrayan dostunu çirkabdan qurtarmağın yollarını axtarır. Çünki öz arvadı da ona hər gün dilində xəyanət edir. Ümumiyyətlə İbişin arvadının obrazı həm qadın, həm ana kimi üz qarasıdır. Ağzından çıxan təhqirləri, küçə səviyyəsində söyüşləri duyan Maskarin də tab gətirməyib püskürərdi, amma İbiş dözür. Çünki qızın qardaşı bunu “kişi" eləyib, insan içinə çıxardıb. Bu da "sivil" cəmiyyətimizin daha bir bəlası...

İbiş çoxdan unutduğu cəsarət və şücaətini toplayıb, Timaya zəng vurur. Boğula-boğula “brat, bəlkə evə gedəsən?” deyir.

Tima hövlank evə qaçır. Öncə pəncərədən baxır ki, görsün iş nə yerdədir. Halal arvadının "haram tikə yediyini" görür. Elə bu an Timanın çarəsizliyini müşaiyət edən “bədbəxtlik simfoniyası” adlı bir uğultu insanın beynindəki bütün hüceyrələri qıcıqlandırır.

Evə girib, Avropa insanına xas müdrik sadist taktikaları ilə arvadı Samirəyə və uşaqlıq dostu Arifə növbə ilə psixoloji və fiziki şiddət tətbiq edir. Bu üfunət qoxulu xəyanət üçbucağını canlandıran hər 3 aktyorun ifa tərzi möhtəşəmdir. Elə sırf bu performansı seyr etmək üçün filmə baxmağınız məsləhətdir. Tima ona uşaqlıq dostu Ariflə xəyanət edən arvadı Samirənin saçından tutub - "Nəyin çatmırdı? Gecə-gündüz sənə görə işləyirəm ki, rəfiqələrinin yanında başın uca olsun, atanın evində görmədiyin günü gördün” - kimi şikayət dolu cümlələr qurur. Axı buna deyən lazımdır: ay qardaş, sən niyə çörək pulu qazanmaqçün tək çalışırsan? Qoy, o da işləsin, evə bir xeyri toxunsun. Boş-bekar oturub, alovlu seriallar izləməkdən özünə macəra axtarır zalımın qızı. Özü də sənin qumar borcunu bağladığın uşaqlıq dostunla. Siz qadını evə qapadıb, cəmiyyətin problemlərindən uzaq tutduqca, başınıza bu bəlalar gələcək.

Fikrimdən yayınmayan bir faktı da bölüşüm. Tima arvadını xəyanət üstündə yaxalayanda görür ki, Samirə olduqca cazibədar geyinib, bər-bəzək içindədir. Haqlı olaraq ironiya ilə səbəbini soruşur. Evlilikləri məhvə sürükləyib, 5 ailədən birini dağıdan səbəbin episentri də budur. Azərbaycan qadını ərinin məşuqəsi ola bilmir. Çox vaxt sadəcə nəsil artıran maşın rolunu yerinə yetirir. Nə özü xürrəm olur, nə də qarşısındakına özünü sultan kimi hiss etdirir.

Diqqət çəkən obrazlardan biri də Arifdir. Aktyor günah üstə yaxalananda qorxunun pik həddinə çatıb, kişi olduğunu bir anda unudan canlı obrazının öhdəsindən yaxşı gəlib. Obrazı canlandıran Qorqud Cəfərin dilində azca qüsur var. Bəlkə də onu fərqləndirən özəlliklərdən biri məhz budur. Dünya tərcübəsinə əsaslansaq, məşhur Hollivud aktyoru Cerard Batlerin də dilində qüsur var, artıq neçənci onilikdir ki, milyonların kumiridir.

Unutmadan deyim, geyim üzrə rəssamın gözdən qaçırdığı bir neçə nüans vardı. Onun da ən qabarığı Arifin uzunqol köynəyinin çölə qatladığı manjetində "Salvatore Ferragamo" brendinin gizli reklamı idi. Hər halda bu mənim diqqətimdən yayınmadı.

Filmin sonunu səbirsizliklə gözləyirsiniz? Noyabrın 16-sı qala gecəsi keçiriləcək “İkinci pərdə” filmini şəhərimizin kinoteatrlarında izləyə biləcəksiniz.

Mənsə fürsətdən yararlanıb, filmi media nümayəndələrilə izləməyə gələn aktyor Qorqud Cəfərlə həmsöhbət oldum.

- Filmi izlədim. Üzərimə qəribə bir gərginlik çökdü. Bunu yaradıcı heyətin uğuru kimi dəyərləndirə bilərik. Bəlkə də aylardır çəkiliş prosesi gedir. Yəqin sinirləriniz az da olsa, zədələndi bu vaxt ərzində?

- Obrazım xəyanət edən zəif mənəviyyatlı insandır. Bu rola girib, tamaşaçının nifrətini qazanmaq üçün daxilimdə özümü sındırdım. Həqiqətən çox çətin idi. Bir tərəfdən də səhhətimdə problem vardı. Ancaq güman edirəm ki, tamaşaçılar yaratdığım obraza layiqli dəyəri verəcəklər.

- Layiqli dəyər yəqin ki, sizə tuşlanmış nifrət dolu baxışlar olacaq. Buna da nail oldunuz.

- (Gülür) Ümid edirəm.

- Filmdə Tima öncə silahı Samirəyə verir ki, canlandırdığınız Arif obrazını öldürsün. Qarşılığında isə onu bağışlayacağını vəd edir. Amma Samirə "yazıqdır" deyib, atəş açmaqdan imtina edir. Sonra tüfəngi Arifə uzadıb, eyni təklifdə bulunur. Arif tətiyə basır, amma xoşbəxtlikdən tüfəngin içində güllə olmur. Bəs həyatda necə, məcburiyyət qarşısında qalsanız, bir qadına atəş açardınız?

- Düşünürəm ki, bu çətin vəziyyətdə qalsam, belə bir qadına atəş aça bilməzdim. Ümumiyyətlə qarşındakı qadına şiddət tətbiq edirsənsə, kişilikdən söhbət gedə bilməz.

- Heç kim xəyanətlə üzləşməkdən sığortalanmayıb. Bəs özünüz xəyanətə məruz qalsaydınız, hansı addımı atardınız?

- Bu acınacaqlı durumda qalmaq istəməzdim. Təbii ki, hadisələrin gedişatından, mövcüd vəziyyətdən də çox şey asılıdır, amma bizim cəmiyyətdə xəyanəti adətən qanla yuyurlar.

- Filmin tamaşaçıya göstərmək istədiyi bir sıra həllini tapmayan problem var. Sizcə bu problemlərin kökündə nə durur?

- Cəmiyyətimizi məhvə sürükləyən əsas amil savadsızlıqdır. Mən hər zaman Avropa xalqlarının tərbiyə üsullarına heyrətlə baxmışam. Onların kiçik yaşlı uşaqlarına olan münasibətləri də fərqlidir, individualdır. Valideyn uşağını sonadək dinləyir, müəllim qürurunu əzmir, şəxsiyət kimi yanaşır. Belə cəmiyyətdə təhsil də, qarşılıqlı münasibətlər də daha sabit olur.

- Məsələn, Timanın valideynləri qarşısına sədd qoymasaydı, Günay adlı ərindən boşanmış uşaqlı qadınla ailə qurardı. Bu qədər insan da bədbəxt olmazdı.

- Bəli, bizim insanlar eqoistdirlər. Valideyn övladının təsəvvüründə öz istəklərinə uyğun potensial həyat yoldaşı obrazı yaradır. Onu öz sevib-seçdiyi insanla bölüşmək istəmir. Cəmiyyətimizin bir çox ailələrində uşaqlıqdan seçim hüququ əlimizdən alınır.

- Qorqud, maraqlı fikirləriniz üçün təşəkkür edirəm. Karyeranızda uğurlar arzulayıram.

Filmi izləməyə gələnlər arasında yazıçı Tural Cəfərov da vardı. Onun də fikirlərini öyrəndik.

- Tural bəy, film məişət qayğılarından, ailə münaqişəsinədək Azərbaycanın aktual problemlərinə diqqətlə baxmağımız üçün nəinki ikinci, bütün pərdələri qaldırır. Bəs sizcə, beyin transplantasiyası əməliyyatının astanasında olan avropalılar qabartdığımız bu məsələlərə gülüb keçməzlərmi?

- Düşünürəm ki, hər bir ölkənin kinematoqrafiyası öz hekayələrini anlatmalıdır, cəmiyyətinin problemlərini üzə çıxartmalıdır. Hər gün saytlarda buna bənzər onlarla xəbər oxuyuruq. Bəlkə də, tutaq ki, Fransada vəziyyət bu həddə gəlib çatmazdı.

- Bəs bizim cəmiyyətimizdə niyə çatır? Səbəb nədir?

- Azərbaycan mentallığı... İnsanlar rahat həyat sürə bilmirlər. Qadın zorakılığını yaradan obyektiv və subyektiv səbəblər var. İnsanlar bir-birini darmadağın edirlər. Ana evdə qızını əzir. Qız böyüyür, ana olur, anasının səhvlərini təkrarlayır. Dövr dəyişib, inkişaf edib, reallıqla mental dəyərlər arasında kəskin ziddiyət var. Məhz bu ziddiyət də belə problemlərə gətirib çıxardır.

- Sizcə, bu film insanlara hansı sosial mesajı verəcək?

- İnsanları öz həyatlarına yenidən nəzər salmağa vadar edəcək. Bir çoxları filmləri əyləncə vasitəsi sayır. Əlbəttə, bu səpgidə də kinolar çoxdur, amma filmlər insanları cəmiyyəti narahat edən problemlər ətrafında düşünməyə dəvət edir.

Məşhur İran rejissoru Abbas Kiarostami düşünür ki, rejissorların insanlar üzərində təsiri prixoloqlardan daha çoxdur. Bu baxımdan düşünürəm ki, “İkinci pərdə” filmi cəmiyyətimizin problemlərini həll etməsə də, göz önünə gətirəcək.

Картинки по запросу ikinci pərdə xəyanət

Filmdə sitata çevriləcək sadəcə bir cümlə vardı. O da hərfindən tutmuş, vegülünədək arqodan ibarət olduğu üçün yazmıram. Yaxşısı budur, gedin özünüz baxın.

Xəbər lenti