Tvinninq layihəsinin təqdimatı oldu

772
Tvinninq layihəsinin təqdimatı oldu

Bakıda mədəniyyət sahəsində Tvinninq layihəsinin indiki və gələcək fəaliyyətləri, nailiyyətləri haqqında təqdimat keçirilib.

Mynews.az-ın APA-ya istinadla məlumatına görə, mədəniyyət və turizm naziriƏbülfəs Qarayev layihənin Azərbaycan mədəniyyət sahəsində aparılan islahatlara verdiyi töhfələrdən danışıb.

Nazir bildirib ki, ilk layihə turizmin inkişafına həsr olunub: “İlk layihə özünün uğurlu nəticəsini verdi. Bu dəfə Tvinninq üçün xüsusi tender keçirildi və qərara gəlindi ki, layihə İtaliya ilə birgə keçirilsin. Mən layihənin həyata keçirilməsinə görə Avropa İttifaqı və Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyinə təşəkkür edirəm. Bu ərəfədə bizim mütəxəssislər İtaliyaya səfər ediblər, Avropa İttifaqının tətbiq etdiyi vasitələrlə tanış olublar. Bu, artıq özünün gözəl nəticələrini verib. Mənim üçün vacib olan məsələ ondan ibarətdir ki, Azərbaycanda mədəniyyətin idarə olunması tək dövlət tərəfindən yox, yerli idarəetmə strukturlarının iştirakı ilə təşkil olunsun”.

Avropa İttifaqının Azərbaycandakı səfiri Kestitus Yakauskas təmsil etdiyi qurumun mədəniyyət sahəsinin təbliğinə böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb: “Bu layihə unikal alətdir. Burada mütəxəssislər bir araya gəlib təcrübələrini bölüşürlər. Zəngin Azərbaycan mədəni irsi dünyaya yaxşı tanışdır. Bu gün mədəniyyətin təbliği üçün strategiya var və inanıram ki, layihə uğurla davam edəcək”.

İtaliyanın ölkəmizdəki səfiri layihənin tətbiqində ölkəsinin iştirakından danışıb və qeyd edib ki, Azərbaycanın qədim tarixə söykənən mədəniyyəti var. Səfir əlavə edib ki, İtaliya Azərbaycanda bu layihənin tətbiqindəki iştirakından məmnundur.

Qeyd edək ki, 2016-cı ildən Mədəniyyət və Turizm Nazirliyi və İtaliya Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi mədəniyyət sahəsində Tvinninq layihəsini birgə həyata keçirirlər. Layihə Avropa İttifaqı tərəfindən 1999-cu il Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi, eləcə də, 2004-cü il Aİ-Azərbaycan Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planı çərçivəsində maliyyələşir. Layihənin məqsədi Azərbaycanın mədəniyyət sektorundakı islahat prosesini dəstəkləməkdir.

Xəbər lenti