“Əvvəllər eskizini verdiyim xalçalara baxmaq üçün toxucu xanımların evinə gedirdim. Deyirdilər ki, qapıda gözləyim, əri gəlsin, sonra baxaram. Hərdən olub ki, saatlarla soyuq havada çöldə gözləmişəm. Əri gəlib, ondan sonra xalçaya baxıb müəyyən düzəlişlər etmişəm. Kişi də neynirdi? Qıraqda oturub çay içir, çəpəki nəzərlərlə bizi süzürdü”.
Hekayəsi bu qədər doğma, məişətimizdən olsa da, sizi bilmirəm, amma mən onu dünya mediasından tanımışam. Son bir neçə ildə onunla “Qafqazinfo”ya müsahibə verməyi üçün dəfələrlə əlaqə saxlasam da, ya vaxt çatışmazlığından, ya rəssam təvazökarlığından, ya da ki, sadalaya biləcəyim bir neçə səbəbdən heç vaxt görüşə bilməmişdik. Əvəzində hər dəfə “Guardian”, “New York Times”, “Artribune” və onlarla bu kimi dünya mediasında haqqında informasiyalar yayımlanır, müsahibələr dərc olunurdu. Nə yalan deyim, həmyerlimizin uğuruna nə qədər sevinsəm də, onunla söhbətləşənə də bir o qədər paxıllığım tuturdu.
Nəhayət, budəfəki sərgisindən sonra işimi rəssam rahatlığına buraxmayıb, “dosta zəng” köməyindən istifadə etmək qərarına gəldim. Və budur, müsahibə üçün israrlı olmağım müasir incəsənətin ən uğurlu simalarından biri, tanınmış rəssam Faiq Əhmədin qapısını döydürdü.
- Bu ay Bakıda keçirilən “Nə var, odur” sərginiz yekunlaşdı. Əvvəlcə sərgi ilə bağlı ümumi təssüratlarınızı öyrənək. Gözlədiyiniz kimi baş tutdumu?
- Düzünü desəm, müasir incəsənətdə hər şey eksperimental olduğu üçün sonda nəsə gözləmək olmur. Rəssamlar passiv müşahidəçidir. Hər sərgidə hansısa bir mesajı göndərməyə çalışırıq və bu zaman biz neytral mövqedə durmalıyıq. Budəfəki sərgimdə Azərbaycanın uzun illərdir dəyişməyən adət-ənənələrinə toxunmuşdum. Hər bir ölkənin özünə xas adətləri olur. Fikrimi çatdırmaq üçün sərgimdə hamının bildiyi, həyatımız boyu görməyə öyrəşdiyimiz materilallardan istifadə etdim.
- Sərgidəki əsərlərinizdə cəmiyyət üçün həlli çətin olan, insanların üzləşməkdən qorxduğu bir neçə problemi əks etdirmisiz. Elə götürək “Pərdələr”i... Sərginin girişində ard-arda asılmış 10 pərdə həm bakirəliyin rəmzi, həm də cəmiyyətdə, ailədə insanlar arasındakı pərdələrin simvolu kimi verilmişdi. Doğru anlamışam?
- Mənə elə gəlir ki, bu sərgidə toxunmağa çəkindiyimiz bir çox məqamlar açıq-aydın göstərilmişdi. Bəli, düz başa düşmüsüz. Bizim üçün hər şey aydındır, ancaq xaricdən gələnlər başa düşmür, izah edirik, anlaşılır. Toy əvvəl-axır sonu sekslə bağlı olan bir haldır və onun ətrafındakı bütün simvollar seksual önəm daşıyır. Bu adətlərin çoxunun kökü islamdan, xristianlıqdan öncəki dinlərə gedib çıxır. Siz problem dediniz, ancaq mən buna problem kimi baxmıram. Yəni, rəssam kimi ona mən problem deyə bilmərəm. Sadəcə sərgini izləyənlər müəyyən qənaətə gələ bilər.
Bilirəm ki, ölkəmizdə adət-ənənələrlə razılaşmayan, mental düşüncələrə qarşı olan insanlar da var. Onlar kor bir insan kimi hər şeyin davamçısı olmaq istəmirlər. Bu kimi fikir ayrılıqları həmişə olub. Əslində ölkəmizdə olan problem dünyanın hər bir yerində var. Bəzi yerlərdə az, bəzi yerlərdə çox. Hətta daha qəddar formalarını da görə bilərik. Azərbaycanda bir şey yaxşıdır ki, fikirlər tez dəyişir. Tariximizə baxsaq, ideologiyamız, dilimiz, dinimiz, hətta xalçalarımız belə tez dəyişir. Ancaq hər zaman toxunulmazlığını qoruyan sahələr var. Elə bakirəlik də buraya daxil olan amildir.
- Bəs burada din faktorunun əsas rolu olduğunu deyə bilərik?
- Bəli, dinlərdə də bu faktor var. Ancaq məsələnin dinlə bağlı olduğunu qəti düşünmürəm. Məhəmməd Peyğəmbər özü dul qadınla evlənmişdi. Əslində bakirəlik daha çox xristianlıqda var. Məryəm ananın bakirə olması. Bu, sadəcə bir insan təfəkkürüdür. Lap bakirəliyi bir tərəfə qoyaq, böyüyə hörmət etmək qədimdən bizə aşılanan bir fikirdir. Biri də fikirləşir ki, böyüyə niyə hörmət etsin? Axı, o, böyükdən daha ağıllıdır. Əslində insana hörmək savad və keyfiyyətlərinə görə edilməlidir. Biz deyirik, yox, mütləq böyüyə. Bu haqda bir müddət düşündüm, qənaətə gəldim ki, insan savadından, təhsilindən asılı olmayaraq yaşamaqla daha çox təcrübə yığır. Elə ona görə də, bizdə böyüyə daha çox dünya gördüyü üçün, baxın, dünyagörüşü demirəm ha, dünya gördüyü üçün xüsusi hörmət olunur.
- Sərgidəki başqa bir əsərinizdə bərəkət rəmzi olan kəllə qəndləri kişi cinsiyyət orqanı kimi təqdim etmisiz. Bu zaman sərt reaksiya da ala bilərdiz.
- İncəsənət çətin bir dildir, mən onu belə ifadə etmişəm. Əsərimin məntiqi əsası olduğu üçün hər hansı bir qınaqdan və yaxud sərt reaksiyadan qorxmadım. Kəllə qənd nəyə oxşayır? Kişi cinsi orqanına. Bəs hər ikisinin nə kimi əlaqəsi var? Kəllə qənd toylarda oğlan uşağı doğulduqdan sonra istifadə olunur. Uşağın yaradılışında kişi faktorunu, spermanı üstün tuturlar. Belə deyək, kişinin bərəkətli olduğunu vurğulayırlar. Bu zaman qadın tamam unudulur, kişi bərəkəti verən kimi qəbul olunur. Ancaq elm göstərdi ki, kişi daha az bərəkətlidir, nəinki qadın. Bütün proses qadının bətnində reallaşır. Sünnət məsələsi də həmçinin. Bir tərəfdən səndən nəsə kəsirlər, qırmızı ətək geydirirlər, sonra deyirlər ki, kişi oldun. Artıq burada fikirlər bir-birilə kəsişir. Uşağın gələcəyi haqqında valideyn qərar verir. Həmin acı çox insanın şüuraltı təfəkküründə qalır və o, gəcəkdə hansı yollarlasa əvəz çıxmağa çalışır.
Biz hazırda gördüyümüz adətlərin kökünü, nə ilə bağlı olduğunu heç bilmirik. Çox insan kor-koranə davam etdirir. Onlara hadisələri sorğulamaq heç maraqlı da deyil. Bu, elə bil bir oyundur və bunu oynamaq məcburiyyətindəyik. Doğulanda bunları bizə həqiqət kimi deyirlər, yazılmamış qanunlardır və belə də olmalıdır. Ancaq hər bir insan bilməlidir ki, o, tam azaddır. Kiminsə hüquqlarını tapdalamamaq şərti ilə öz həyatımızı planlaşdırmağı bacarmalıyıq. Bəlkə də açıq fikirli insanlar olaraq bizim də burada müəyyən qədər qüsurlarımız var. Elə bilirik, hamı belədir və öz həyatımızı yaşayırıq. Daha insanlarla dioloqa girməyə, onları ətrafımıza çəkməyə səy göstərmirik.
“Konservativ düşüncəni dəyişə bilsək, bəlkə də, Azərbaycan ən ideal ölkə olar”
- Çox gözəl nüansa toxunduz. Sərgiləriniz müasir incəsənət məkanında təşkil olunur və oranın da daimi ziyarətçiləri var. O ziyarətçilər ki, sadaladığımız bu nüansları artıq dərk edib və daha bəşəri problemlərlə maraqlanır. Fikirlərinizi lazımi auditoriyaya çatdırdığınızdan əminsiz? Sərginizi şəhərin mərkəzində, sakinlərin çox olduğu yerlərdə görmək maraqlı olardı.
- Bəli, tamamilə razıyam. İncəsənət insanlarla mütləq qovuşmalıdır. YARAT paytaxtın müxtəlif ərazilərində bu kimi layihələr edib, hətta bölgələrdə də sərgilər təşkil olunub. Hazırda da müəyyən işlər görülür, planlar var. Mənə elə gəlir ki, incəsənət elə bir sahədir ki, gərək bütün problemlər müəyyən qədər həll olunsun, ən azı çıxış yolu tapılsın, sonra insanlar sərgiyə, tədbirə getmək haqda düşünsün. Məsələn, necə ki, insan ac olanda yemək yeyir, sonra kitab oxuyur. Hər hansı bir xəstənin ağrı-acı içərisində film seyr etdiyini görmərik. Bəlkə də, müəyyən zamana ehtiyacımız var. Gözəl olardı ki, insanlar öz üzərində işləyərək daha bəşəri problemlərə köklənsinlər, məsələn, kosmos haqda düşünsünlər. Daha evdə oturub fikirləşməsin ki, qızım bakirədir, ərə gedə bilər, yoxsa yox? Konservativ düşüncəni dəyişə bilsək, bəlkə də, Azərbaycan ən ideal ölkə olar.
- Yerli mətbuata cəmi bir dəfə müsahibə vermisiz. Ancaq dünya mediasında, xüsusilə də məşhur qəzet və saytlarda tez-tez müsahibələriniz, haqqınızda informasiyalar dərc olunur. Yerli mətbuatdan uzaq olmağınızın səbəbi nədir? Onlar sizə müraciət etmir, yoxsa siz mediadan qaçırsız?
- Mən jurnalistləri çox istəyirəm. Kim müraciət edibsə, hamısı ilə danışmışam. Hazırda televiziya mənə tam maraqsızdır. Elə gəlir ki, sırf şou xarakterli verilişlər olur. Bundan başqa, internet dövründə televiziya artıq vaxt deməkdir. Rəssamlar bir qədər müsahibə verməkdən, danışmaqdan uzaq olurlar. Bəlkə də, burada bizim də səhvimiz var ki, loyal çevrəni genişləndirməyə çalışmırıq. Fikrimizi çatdırmaq, müəyyən konservativ düşüncələrə təsir edə bilmək üçün media ilə daha sıx işləməliyik. İnsanlar başa düşməlidir ki, küçədə iki insanın çiyni bir-birinə dəydisə, mütləq dalaşmaq lazım deyil. Hərdən müşahidə edirəm ki, bəzi insanlar özlərini müəllim kimi aparır, fikirlərini zorla yeritməyə çalışırlar. Bu da xoşagəlməz haldır. Konservativ düşüncəsinə görə kimisə təhqir etmək, ona pis demək olmaz. Sadəcə biz xoşbəxtik ki, ətrafımız düşüncəmizə müsbət təsir edib, oxuya və öz üzərimizdə işləyə bilmişik.
- Bildiyim qədər heykəltaraşlıq fakültəsini bitirmisiz. Bəs sizdə xalçalara bu maraq hardan yarandı?
- Əvvəllər mən insanın düşüncə səviyyələri, şüuraltı təfəkkürü ilə maraqlanırdım. Bununla yanaşı individual və kollektiv düşüncə tərzləri var. Elə ona görə də, xalçaçılıq diqqətimi çəkməyə başladı. İndiyə kimi əllə toxunan xalçaları heç maşın da düzəldə bilmir. Bu sənət çox qədimdir və insanın şüuraltısı tam şəkildə xalçada özünü göstərir. Bütün cəmiyyət xalçanın dizaynına təsir edir. Məsələn, tarixə nəzər salsaq, Səfəvilərin dövrünün xalçaları öz gözəlliyinə, rənglərinə görə fərqlənir. Xalça ornamentlərinin qurulmasında müəyyən bir sistem var ki, nə qədər təsirlər olsa da, bu, dəyişmir. Məsələn, İslam dininin geniş yayılmasından sonra xalçalardakı naxışlar mərkəzləşməyə başladı. Bu, Allahın tək olduğunu göstərir.
- Xalçalara dizaynı siz verirsiz, yoxsa qədim xalça dizaynlarından yararlanırsız?
- Bəzən yanımdakı mütəxəssislərlə məsləhətləşərək mən də dizayn verirəm. Çalışıram ki, tarixi əhəmiyyəti olan simvollar düzgün oxunsun. Ancaq çox vaxt bəyəndiyim xalça dizaynlarını götürüb onların üstündə işləyirəm.
- Müsahibənizdə oxumuşdum ki, ilk başda eskizinizi göstərdiyiniz xalça sexindən sizi qovublar, reaksiyalar müxtəlif olub.
- Hə, mənə qəribə baxırdılar. Eskizlərimi onlara göstərəndə elə bilirdilər, zarafat edirəm. Əvvəllər toxucu xanımların xalçalarına baxmaq üçün evinə gedirdim. Deyirdilər ki, qapıda gözləyim, əri gəlsin, sonra baxaram. Hərdən olub ki, saatlarla soyuq havada çöldə gözləmişəm. Əri gəlib, ondan sonra xalçaya baxıb müəyyən düzəlişlər etmişəm. Kişi də neynirdi? Qıraqda oturub çay içirdi, arada çəpəki baxıb nəzarət edirdi. Qadının 50-dən çox yaşı var, mənə qəribə gəlirdi ki, axı nə problem ola bilər?! Yenə də yaşadıqları cəmiyyətə görə onları başa düşürəm. Başqa bir misal çəkim, öyrəşiblər ki, toxucu sexləri qaranlıq olur, həmişə toxucuları bəyənməməklə qorxudublar. Mən onların işlərini tərifləyəndə baxırdım ki, sevinirlər. Daha da həvəslə iş görməyə başlayırlar.
- Səhv etmirəmsə, bir müddət öncə müəllif hüquqları ilə bağlı probleminiz olmuşdu, daha sonra müsbət həllini tapdı. Necə mübarizə aparırsız?
- Bu kimi hallarda medianın gücü hiss olunur. Dünya mediası müəllif hüquqları məsələsində çox həssasdır və geniş işıqlandırılır. Düzünü desəm, mənim heç məhkəməyə müraciət etmək fikrim yox idi, ancaq media məhkəməyə verməyə hazırlaşdığımı və s. yazdı. Mən rəssamam, belə hallarla vaxt itirməyi sevmirəm. Media işıqlandırdıqdan sonra həmin məşhur şirkət satışı dayandırdı. Mən istəyirdim, üzr istəsinlər. Əfsus ki, bu. olmadı. Zaman-zaman brendlərlə rəssamlar arasında bu kimi anlaşılmazlıqlar olur və çox zaman nəticə müsbət həllini tapır.
- Əsərləriniz başda Los-Angeles olmaqla bir çox ölkələrin muzeylərində, kolleksiyalarda nümayiş etdirilir. Son iki ildə müxtəlif ölkələrdə sərgiləriniz təşkil olunub. Hətta bu siyahıda Tanzaniya belə var. Bəs Azərbaycanda maraq necədir? Muzeylərdən təklif gəlib?
- Xalça muzeyindən təklif olub. Düzdür, almaq istəmirlər. Deyirlər ki, pulları yoxdur. Problem deyil, verərəm. Ancaq ölkəmizdə hələ ki, işlərimlə maraqlanan kolleksioner yoxdur.
- Hazırda satış olur, yoxsa işlərinizi kolleksiya və muzeylərə verirsiz?
- Yox, sözsüz ki, satış olur. Böyük komandam var və daim layihələr edirəm. Bunun üçün də maddi dəstək mütləqdir. Ancaq yenə də incəsənət dünyası nazik buz təbəqəsi kimidir. Tam satışa köklənsən, artıq maraqsız olacaq və hər şey kommersiya üzərində qurulacaq. Yeni layihəm üçün Latın Amerikasında müəyyən axtarışlar etməliyəm və maddi vəsait lazımdır. Ona görə də, bəzi işlərimi satıb fəaliyyətimə dəstək oluram. Layihələrdə idarəetməni mən etsəm də, satış işləri ilə komandam məşğul olur. Onlara tam güvənirəm və çox vaxt hansı kolleksionerlərin əsərlərimi alması ilə də maraqlanmıram. Muzeylər üçün isə böyük endirimlər edirik. Əgər bir nəfər öz kolleksiyası üçün alırsa, o pulu verməlidir. Ancaq muzey kimi yerlərdə güzəşt etmək vacibdir. Hətta pulsuz verdiyim muzeylər də var. Hazırda kolleksionerlərlə xoş bir davadayam. Onlar yeni işlər istəyirlər, mən də deyirəm, bütün işlərim muzeylərdədir, iki il gözləməli olacaqsız. Hətta bu il heç bir iş görmək istəmirəm. Bir neçə kitab var, onları oxuyacam, layihəm üçün araşdırmalar edəcəm. Mən həmişə hansısa işə başlayanda eksperiment kimi başlayıram, ancaq xoşbəxtlikdən uğurla tamamlanır.
- Bəzən rəssamların əsərlərinə çox fantastik qiymətlər qoyurlar. Sizdə qiymətlər necədir?
- Qiymətləri qalereyalar formalaşdırır. Muzeylərin qiymətlərə təsiri böyükdür.
- Bəs hərraclar necə?
- İstəyirlər, ancaq razı olmuram. Bir dəfə qoyublar, götürmüşəm. Hərrac qiyməti qaldırmaq üçün lazımdır. Belə deyək, incəsənətdə hansısa bir məbləğ 30-40 mindən çoxdursa, incəsənət deyil. Yəni, milyonlar artıq bir oyundur.