Azərbaycan ABŞ-ın "Huffington Post" nəşrinin versiyasına görə, 2017-ci ildə turistlər üçün cəlbedici məkanların reytinqinə daxil olub. Mynews.az-ın məlumatına görə, Nəşr Xəzər dənizinin sahilində, İran və Rusiya arasında yerləşdiyini qeyd etdiyi Azərbaycanı "əl dəyilməyən yer" adlandırıb.
"Huffington Post" Azərbaycana səfərə paytaxt Bakıya, qədim memarlığın nadir nümunəsi kimi YUNESKO-nun Dünya İrsi siyahısına düşən İçərişəhərə getməklə başlamağı məsləhət görüb. Nəşr bu gün Bakının qədim memarlıq nümunələri ilə Xəzər dənizinin sahilində parlaqlıq yaradan XXI əsrin qalalarını özündə cəmləşdirdiyini qeyd edib.
Nəşr Hökumət Evinin Azərbaycan paytaxtında çoxsaylı əhəmiyyətli tarixi abidələrdən biri olduğunu vurğulayıb. "Bakıda həmçinin xeyli sayda muzey, teatr, kitabxana, opera var".
"Huffington Post" məşhur Xınalıq kəndinə xüsusi diqqət yönəldərək riskli səyahət axtarışında olan turistlər üçün buranın ideal məkan olacağını bildirib.
Nəşrin məlumatına görə, 2017-ci ildə turistlər üçün digər maraqlı məkanlar Cənubi Koreya, Mavritaniya, Qazaxıstan, Kipr, Latviya, Ekvador və başqa ölkələrdir.