Opera və Balet Teatrının təmiri nə vaxt bitəcək? Problem
Mynews.az Bakıda 1910-cu ildə inşa edilən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı ilə bağlı araşdırma aparıb. Məlum olub ki, bu tarixi bina son dəfə iki ildən çoxdur ki, təmirə bağlanıb.
Bəs Opera və Balet teatrının binasının təmiri, bərpası nə zaman yekunlaşacaq? Yeni teatr mövsümündə binada tamaşa izləmək mümkün olacaqmı?
Məsələ ilə bağlı aidiyyatı qrumlardan sorğumuza cavab ala bilmədik. Amma qeyd edək ki, Mədəniyyət Nazirliyinin rəsmisi bu məsələ ilə bağlı hələ 2022-ci ildə açıqlama verərək təmirin tezliklə başa çatacağını demişdir. Təəssüflər olsun ki, bu tarixi abidə və teatr binası, illərdir ki, yaddan çıxmış halda üstüörtülü vəziyyətdə qalmaqdadır.
Yada salaq ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında əsaslı təmir və bərpa işləri müstəqillik dövründə birinci dəfə təqribən 2000-ci illərdə, sonra 2019-cu ildə, ən son isə 2022 -ci ildən təmirə bağlanıb. Xarici mütəxəssislərin də cəlb olunduğu təmir prosesində məqsəd 114 yaşlı binada akustika və səs sistemi, orkestrin yerləşdiyi hissə, ümumilikdə interyer və eksteryer tikilinin memarlıq-plan həlli qorunmaqla həyata keçirmək olub.
Xatırladaq ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasının əsası XX əsrin əvvəllərində qoyulub. Belə ki, 1910-cu ildə Bakı milyonçuları, Mayılov qardaşlarının təşəbbüsü ilə binanın tikintisinə başlanılıb.
Cəmi 10 ay ərzində-1910-1911-ci illərdə memar N.Q.Bayevin layihələşdirdiyi binanın tikintisi yekunlaşıb. 1928-ci ildə teatra dahi dramaturq Mirzə Fətəli Axundovun adı verilib. Həmin sənət məbədi 1959-cu ildən isə Akademik Opera və Balet Teatrı adlanır. Teatr sovet Azərbaycanı dönəmində sonuncu dəfə əsaslı surətdə 1987-ci ildə təmir olunmuşdu.