“Azərbaycan maraqlı iqtisadi dönəmə qədəm qoyub. Dünyada baş verən hadisələr fonunda Azərbaycan fiskal və monetar siyasət köklü şəkildə dəyişməli idi. Belə də oldu”.
Mynews.az “Report”-a istiandən xəbər verir ki, bunu Bakıda keçirilən “FİF2017” maliyyə investisiya forumunda çıxışı zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib.
“Fiskal genişlənmədə fiskal konsolidasiya etdik. Monetar siyasət fiskal konsolidasiyanı dəstəkləyərək, pul bazasını optimallaşdırmaqla, daha doğrusu sıxmaqla, faktiki olaraq yeni makro iqtisadi şərait yaratdı və artıq ilk nəticələr var.
Sözün düzü, bu bir qədər çətin idi. İlk növbədə Azərbaycan manatının sabitliyi təmin olunmalı idi. Bu, Azərbaycan hökuməti tərəfindən aparılan ağıllı siyasətin nəticəsində oldu. Nə Qazaxıstan, nə Rusiya, nə də Ukraynada monetar siyasətdə tam üzən məzənnəyə keçdikdən belə qısa müddətdə böyük həcmli milli valyuta volatiliyindən xilas ola bilməmişdilər.
Azərbaycanda bu volatillik nəzarət altına götürüldü, daha sonra manat sabitləşdi” - deyə o qeyd edib.
Bununla yanaşı, V.Qasımlının sözlərinə görə, bu o demək deyil ki, manatın məzənnəsi konkret fiksə olunmuş şəkildə qalacaq: “Bu, tələb-təklifdən asılı olaraq dəyişə bilər. Bütün iqtisadiyyatlar üçün birinci şərt proqnozlaşdırma qabiliyyətinin olmasıdır.
Ölkənin valyutasının məzənnəsi proqnozlaşdıra bilmirsə, bu o deməkdir ki, o iqtisadiyyatda heç bir investisiyadan, inkişafdan söhbət gedə bilməz. Bu imkanı artıq biz bərpa etdik. Manatın sabitləşməsi inflyasiyanın dərhal Mərkəzi Bankın nəzarəti altına düşməsi ilə nəticələndi. İnflyasiya tam hökumətin nəzarət etdiyi çərçivədədir.
Yaxşı xəbər odur ki, biz 2017-ci ilin birinci rübündə artıq iqtisadin artımın nəticələrini gördük. Məlumdur ki, 2016-cı ildə iqtisadi artım mənfi templə işarələnmişdi. Bu artım bilavasitə ticari sektorun hesabına baş verdi.
İkinci real sektordan gələn xoş xəbər birinci rübdə ölkənin qeyri neft ixracı 11,8% artdı. Maliyyə bank sektorunda islahatlar bundan sonra da davam edəcək. Bu sahədə ilk növbədə sabitlik yaradacağıq, toksik aktivlərin idarə olunması ilə bağlı vəziyyətin daha da yaxşılaşdırılması, əmanət-sığorta mexanizmlərinin daha təkmilləşdirilməsi istiqamətində çalışacağıq.
Azərbaycan bank sektoru xüsusən xarici təmayülləri nəzərə almalıdır. Beynəlxalq trendlərdə dəyişikliklər sürətlə irəliləyir və ölkənin maliyyə sektoru bunları nəzərə almalıdır”.