TANAP üzrə işlərin 72, TAP üzrə isə 42 faizi görülüb

682
TANAP üzrə işlərin 72, TAP üzrə isə 42 faizi görülüb

“TANAP-ın Avropaya 10 mlrd. kubmetr qazın ötürülməsini təmin edəcək Yunanıstan sərhədinə qədər uzanacaq hissəsi 2019-cu ildə istifadəyə veriləcək”.

Mynews.az-ın xəbərinə görə, bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

O deyib ki, TANAP-ın Əskişəhərə qədər olan hissəsi isə gələn ilin ortalarında istismara veriləcək: 

“TANAP SOCAR-ın xaricdə indiyədək həyata keçirdiyi ən böyük layihədir. Layihə üzrə 72,4% işlər görülüb”.

“Azərbaycan nəhəng enerji layihələrinin təşəbbüşkarıdır”, - deyən X.Yusifzadə qeyd edib ki, hazırda həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın ən böyük enerji və infrastruktur layihəsidir:

“İlkin mərhələdə “Cənub Qaz Dəhlizi”nin resurs mənbəyi – “Şahdəniz-2” layihəsi üzrə çıxarılan qaz həcmləri olacaq. İstismar edilən “Şahdəniz-1” layihəsində stabil dinamika əldə edilib. Bu mərhələdə qaz hasilatı ildə 9 mlrd. kubmetr təşkil edir. İşlənmənin ikinci mərhələsində isə əlavə olaraq 16 mlrd. kubmetr qaz hasil ediləcək. 

Bunun üçün zəruri tədbirlər görülür, 26 sualtı hasilat quyusu, iki yeni platforma inşa olunur, 500 km uzunluğunda sualtı boru kəmərləri çəkilir, Səngəçal terminalı genişləndirilir. 

“Şahdəniz-2” layihəsi çərçivəsində ilk dəfə Xəzər dənizində sualtı infrastruktur yaradılır. Layihə üzrə ilk qaz hasilatı üçün nəzərdə tutulan 8 quyu qazılıb, 3 quyu istismara təhvil üçün tam hazır vəziyyətdədir, bir quyuda tamamlanma işləri aparılır. 

May ayının əvvəlinə ümumilikdə “Şahdəniz-2” üzrə işlərin 93%-i yerinə yetirilib. Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə isə 85%-dən çox iş görülüb”.

X.Yusifzadə TAP layihəsi üzrə hüquqi prosedurların tamamlandığını vurğulayıb:

“Yunanıstan və Albaniyada inşaat işləri uğurla davam etdirilir, İtaliyada müvafiq icazələr alınıb. TAP layihəsi üzrə ümumi işlərin 42,4%-i görülüb”.

Xəbər lenti