Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputatlar “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ilə bağlı təkliflər irəli sürüblər.
Mynews.az Report-a istinadən xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, layihə Milli Məclisin spikeri Oqtay Əsədovun dəstəyi ilə hazırlanıb.
O deyib ki, ardıcıl aparılan işlərdən sonra hazırkı qanun layihəsinin son variantı reallıqlara əsasən təqdim olunub: “Hesab edirəm ki, qanun layihəsi plenar iclasa çıxarılaraq qəbul oluna bilər və daha sonra lazım olsa, yenidən müzakirə etmək olar”.
Çıxış edən deputat Fazil Mustafa bildirib ki, son zamanlar Milli Məclisdə qəbul edilən qanunlar arasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi önəmli hadisə kimi qiymətləndirilə bilər.
Deputat söyləyib ki, bu qanuna əməl etməyi düşünən insanların sayı çoxdur: “Hesab edirəm ki, qanun layihəsinin ilkin mərhələdə tətbiqində problem olacaq. Bu baxımdan, onun ilkin tətbiqi üçün maarifləndirməyə ehtiyac olacaq. Lakin ümumilikdə qanun çox yüksək səviyyədə hazırlanıb”.
F.Mustafa çıxışı zamanı deputatların tütünün törətdiyi zərərlə bağlı arayış şəklində sənəd hazırlamasını da təklif edib.
Daha sonra çıxış edən deputat Məlahət İbrahimqızı deyib ki, qanun hər kəsin hüquqlarını qoruyacaq səviyyədədir.
Tütünlə bağlı daha çox şadlıq evlərində problemlərin olduğunu deyən deputat qanunda bununla bağlı sərt müddəaların olmasını təklif edib.
Deputat Rövşən Rzayev qanun layihəsində cərimələrin artırılmasını da təklif edib. O bildirib ki, qanun layihəsində metropoliten ərazisində tütün məmulatlarından istifadə edənlər üçün 100 manat cərimə nəzərdə tutulub: “Lakin metro ərazisində insanların çoxluğunu nəzərə alsaq, düşünürəm ki, bu cərimənin 500 manata çatdırılması təqdirəlayiq olar”.