“Aqrolizinq” ASC-nin regional direktorları işdən çıxarıldı

738
“Aqrolizinq” ASC-nin regional direktorları işdən çıxarıldı

Kənd Təsərrüfatı Nazirliyində pambıq istehsalı və taxıl biçininə hazırlıq, habelə məhsul istehsalçılarının əsas və dövriyyə vəsaitləri ilə təminatı sahəsində “Aqrolizinq” ASC tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Mynews.az nazirliyə istinadən xəbər verir ki, iclasda Kənd Təsərrüfatı Nazirliyinin məsul işçiləri, nazirliyin tabeli qurumlarının rəhbərləri, “Aqrolizinq” ASC-nin, onun regional nümayəndəliklərinin və rayon bölmələrinin, rayon kənd təsərrüfatı idarələrinin və dövlət texniki nəzarət müfəttişliklərinin rəhbərləri iştirak ediblər.

Kollegiyada “Aqrolizinq” ASC-nin bir sıra rayon bölmələrinin fəaliyyəti dinlənilib. Nazirliyin texniki siyasət şöbəsinin müdiri Köçəri İmanov “Aqrolizinq” ASC-nin regional nümayəndəliklərinin və rayon bölmələrinin anbarlarında mineral gübrələrin təlimat və fitosanitar qaydaların tələblərinə uyğun olaraq yığılıb saxlanması, anbarların mövcud vəziyyəti və aparılan monitorinqlərin nəticələrinə əsasən müəyyən olunan nöqsan və çatışmazlıqlar barədə geniş məlumat verib.

İclasda fəaliyyətində ciddi nöqsanlara yol verdiyinə görə “Aqrolizinq” ASC-nin Sabirabad regional nümayəndəliyinin direktoru Şakir Həsənov, Ağcabədi regional nümayəndəliyinin direktoru Atamoğlan Babayev, Ağsu rayon bölməsinin rəhbəri Tofiq Abdullayev və Şamaxı rayon bölməsinin rəhbəri Sərxan Fətullayev tutduqları vəzifədən azad olunub, fəaliyyətlərinin araşdırıldıqdan sonra daha ciddi ölçü götürüləcəyi, həmçinin Xaçmaz Regional Nümayəndəliyinin direktoruna, ASC-nin Saatlı, Tovuz və Ağdaş rayon bölmələrinin rəhbərlərinə şiddətli töhmət, Qazax və İsmayıllı rayon bölmələrinin rəhbərlərinə töhmət verilib, fəaliyyətlərində dönüş yaratmadıqları təqdirdə, daha ciddi tədbir görüləcəyi nəzərlərinə çatdırılıb. “Aqrolizinq”in sədrinə ciddi xəbərdarlıq, ASC-nin Damazlıq heyvanların tədarükü, satışı və lizinqi şöbəsinin müdiri Kamil Şamilova isə şiddətli töhmət verilib.

Kollegiyaya yekun vuran nazir “Aqrolizinq”in fəaliyyətində mövcud olan nöqsan və çatışmazlıqların, xüsusilə də gübrələrin anbarlarda mövcud təlimata və qaydalara uyğun saxlanılması, satışdan, həmçinin qısamüddətli lizinqə verilən taxılyığan kombaynlar, traktorlar və digər kənd təsərrüfatı texnikalarının istifadəsindən daxil olan vəsaitlərin vaxtlı-vaxtında ödənilməsinin təmin olunması, ASC-də elektron kənd təsərrüfatı sisteminin təkmilləşdirilməsi, fermerlərin texnika və gübrəyə olan tələbatlarının əvvəlcədən müəyyənləşdirilməsi, texnikadan səmərəli istifadə olunması, gübrə anbarlarının müasir standartlar səviyyəsində qurulması üçün təkliflərin hazırlanması, bu sahədə qısa müddətdə dönüş yaradılması barədə ciddi tapşırıq və tövsiyələr verib. 

Xəbər lenti