Hasilatın artırılması üçün yeni özüllər tikilir

677
Hasilatın artırılması üçün yeni özüllər tikilir

Bu il Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR)  məxsus “Azneft” İstehsalat Birliyinin əsas məqsədlərindən olan hasilatın artırılması üçün yeni özüllərin tikilməsi və qazmanın genişləndirilməsi olacaq.

Mynews.az “Report”a istinadən xəbər verir ki, bunu “Azneft”in baş direktoru Daşqın İskəndərov “Caspian Energy” jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, hasilatın artırılması, əsasən, yüksək perspektivli yataqlarda – “Günəşli” (dayazsulu), “Bulla-dəniz”, “Qərbi Abşeron” kimi yataqlarda qazma işlərinin davam etdirilməsi, yeni özüllərin tikintisi (“Bulla-dəniz” yatağında 12 saylı, “Neft Daşları” yatağında 620 saylı, “Qərbi Abşeron” yatağında 10 və 54 saylı) və yeni quyuların qazılmasına başlanılması, keçici fond quyuları üzərində geoloji-texniki tədbirlərin davam etdirilməsi, fəaliyyətsiz fond quyularının bərpası hesabına olacaq.

“Bundan başqa, quruda və dənizdə infrastrukturun modernləşdirilməsi sürətlə davam etdirilir. Xəzər dənizində əməliyyatların təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsinə dair götürülmüş əsas öhdəliyin bir hissəsi kimi hasilatın sabitləşdirilməsinə yönəlmiş səylər davam etdiriləcək. Hasilatın stabil saxlanması və artırılması üçün yeni texnologiyaların tətbiqinin genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə parafin çökməsinə qarşı həlledici üsul kimi yerli istehsalın tullantısı olan pirolizin yüngül qətranının tətbiqinin davam etdirilməsi, lift boruların təmizlənməsi üçün “padus qurğularının” istifadəsi genişləndirilməsi planlaşdırılır”,- deyə D.İskəndərov qeyd edib.

"Azneft"in baş direktoru vurğulayıb ki, bunlar hasilatın sabitləşdirilməsi və neft veriminin artırılması istiqamətində atılmış addımlar olacaq. O, həmçinin əlavə edib ki, uzun müddət istismarda olan yataqlardakı köhnə quyuların neft verimini artırmaq məqsədilə yan lülə kəsilişi ilə qazma üsulundan istifadə nəzərdə tutulur.

Xəbər lenti