Bütün dünyanın gözü Ərəb coğrafiyasında baş verən böhrana çevrilib. 7 ölkə Qətər ilə əlaqələrini kəsib.Qətər ətrafında yaranmış böhran bir çox şirkətlərin bu ölkə ilə əməkdaşlığını təxirə sala bilər.
Mynews.az Marja-ya istinadən xəbər verir ki, Azərbaycanın Qətərlə daim yüksək siyasi əlaqələri olub. Son vaxtlar bu əlaqələr daha da genişlənib. Siyasi əməkdaşlıqdakı yüksək münasibətlər yavaş-yavaş iqtisadi münasibətlərdə də əks olunurdu.
Birgə investisiya fondunun yaradılması müzakirə olunub
May ayının 18-də Bakıda - Bakı Biznes Mərkəzində Qətər Əmirliyinin “Barva Bank”ının sədri Şeyx Mohamedin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdi. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, İqtisadiyyat naziri Şahin Mustafayev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, SOCAR-ın, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin, AZPROMO-nun, Azərbaycan İnvestisiya Şirkətinin, “Xəzər” Beynəlxalq İnvestisiya Şirkətinin, “PAŞA Holding”in, “Gilan Holding”in və “Synergy Group”un rəhbər vəzifəli şəxsləri iştirak etmişdi.
Müzakirələr nəticəsində birgə investisiya fondunun yaradılması, Azərbaycanda daşınmaz əmlak sahəsinə, xüsusilə otellərin və ticarət mərkəzlərinin tikintisi layihələrinə investisiya qoyuluşu, logistika, kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdi.
“Astaraçay” çay ixracına hazırlaşırdı
Mayın əvvəlində “Astaraçay” MMC bəyan etmişdi ki, Qətərə çay ixracına hazırlaşırlar.
“20 ton hazır “Qara məxməri” sortu Qətər dövlətinə göndəriləcək”,- “Astaraçay” MMC-nin aqronomu İsrafil İsrafilov bildirmişdi.
Azərbaycan şirkəti Qətərə bağ mebelləri ixrac edir
Azərbaycanın bağ mebelləri istehsalçısı İDEA-nın Qətər Dövlətində rəsmi nümayəndəliyi fəaliyyət göstərir.
“Ötən il Qətərə ixrac missiyası çərçivəsində bu ölkənin Bələdiyyə və Ətraf Mühit Nazirliyində görüş keçirilib, “Scandinavian Supplies” şirkəti ilə rəsmi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, şirkət IDEA məhsullarının Qətərdə satışı və təqdimatı hüququnu qazanıb. Əməkdaşlığın ilk addımları olaraq, IDEA bu ilin martında Qətərdə keçirilən “AGRİTEQ 2017” sərgisinə Qətərin Bələdiyyə və Ətraf Mühit Nazirliyi tərəfindən dəvət alıb, sərgi üçün və nazirliyin xüsusi sifarişi əsasında ixrac həyata keçirib. May ayında Qətərdə keçiriləcək “PROJECT QATAR” sərgisi üçün məhsullar göndərilib, Qətərin Bələdiyyə və Ətraf Mühit Nazirliyi, eyni zamanda, digər şirkətlər tərəfindən göndərilən təkliflər üzərində iş aparılır”, - deyə IDEA MMC-nin direktoru İbrahim Alısoy bu ilin aprel ayının sonunda mətbuata açıqlamasında demişdi.
Qətərdə fəaliyyət göstərən şəbəkə ilə əlaqələr qurulur
Aprel ayında İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinə səfərdə olmuşdu. Səfər çərçivəsində Azərbaycan şirkətlərinin təmsilçiləri BƏƏ-nin “Lulu” marketlər şəbəkəsində olmuşdu. Marketlər şəbəkəsinin rəhbərliyi ilə görüşmüşdülər. Görüşdə əməkdaşlıq məsələləri və Azərbaycan istehsalı olan məhsulların BƏƏ və Körfəz ölkələrində yerləşən “Lulu” marketlər şəbəkəsinin ticarət obyektlərində satışı barədə müzakirələr aparılmışdı. Bildirilmişdi ki, məhsullarımıza BƏƏ-də böyük maraq var, artıq Azərbaycan alması və müxtəlif çeşiddə kompotlarımız “Lulu” marketlər şəbəkəsində satışdadır.
Məlumat üçün bildirək ki, “Lulu” marketlər şəbəkəsi Körfəz regionunun ticarətində önəmli yerə malikdir və 138 mağazası ilə Birləşmiş Ərəb Əmirlikləri, Oman, Qətər, Küveyt, Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı, Malayziya, İndoneziya və Hindistanda fəaliyyət göstərir.
“Gazelli” də Qətərə ixraca hazırlaşırdı
Azərbaycanın milli kosmetika şirkəti “Gazelli Group” da Qətərə ixracla bağlı danışıqlar aparıdı.
Azərbaycan məhsullarının satışı müzakirə olunmuşdu
Bu ilin Fevralında Qətərə ixrac missiyası çərçivəsində ət, nar şirəsi və Naftalan neftindən istehsal edilən kosmetoloji və tibbi məhsulların ixracı ilə bağlı ilkin razılaşmalar əldə edilmişdi.
İxrac missiyası Qətərdə “Carrefour” marketlər şəbəkəsində və yerli bazarlarda olmuşdu. Keçirilmiş görüşlərdə Azərbaycan məhsullarının market və bazarlarda satışı imkanları və distributorluq məsələləri müzakirə olunmuşdu.
Bal ixracı da hədəfdə idi
“MR BEE” adında bal qablaşdıran “Kercom” şirkəti də Qətər bazarına çıxmağı planlaşdırırdı.
“Kercom” şirkətinin (“MR BEE” brendi) rəhbəri Cavid Kərimov, “Şirkətin prioritet saydığı “target” bazarları mövcuddur: “Buraya Körfəz ölkələri - Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı, Yəmən və s. daxildir”, - deyə bildirmişdi.
Bakı Beynəlxalq dəniz ticarəti limanı Qətər şirkətləri ilə razılaşmışdı
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı ilə Azərbaycan-Qətər sənədlərinin imzalanması mərasimi baş tutmuş, Azərbaycan və Qətər arasında 6 sənəd imzalanmışdı. Həmin sənədlərdən biri, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Qətər Limanları İdarəetmə Şirkəti “MWANİ Qatar” arasında” Anlaşma Memorandumu idi.
Gələn turistlərin sayı artıb
2016-cı ildə Azərbaycana Qətərdən 5,5 dəfə çox turist gəlmişdi.