İyunun 9-da Dövlət Baytarlıq Nəzarəti Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları Məmmədyarov Eynulla Balaşərif oğluna məxsus avtomobilinə Xaçmaz rayonu ərazisində baxış keçirib.
Mynews.a-ın məlumatına görə, bu barədə xidmətdən bildirilib.
“Baxış zamanı avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, şaqqalara bölünmüş 500 kq çəkisində olan heyvan əti, 2 ədəd kəsilmiş malın baş-ayağı və daxili orqanları aşkar olunub.
Avtomobildə aşkar edilmiş ətlərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasına əsasən, yoxlanılan nümunələrdə bakterioloji çirklənmə (Bağırsaq Çöpləri Qrupu Bakteriyalar) aşkar edilmişdir. Biokimyəvi müayinənın nəticəsinə əsasən həmin ətlərin iribuynuzlu heyvan əti olması müəyyən edilib.
Heyvanların kəsimi və daşınması zamanı baytarlıq-sanitariya qaydalarına riayət edilmədiyi üçün ətlər bağırsaq çöpləri qrupu bakteriyaları ilə çirklənib.
Laboratoriya müayinələrinin nəticələrinə əsasən, Məmmədyarov Eynulla Balaşərif oğluna məxsus avtomobildə aşkar edilən ətlər barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək”, - deyə Dövlət Xidmətinin mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, ətin sahibi onları “Azərsun Holdinq”ə məxsus “Qafqaz” Konserv Zavoduna apardığını demişdi.