Ərzaq mağazaları kart sisteminə keçir İŞLƏMƏYƏN ƏHALİ NECƏ ALIŞ-VERİŞ EDƏCƏK? - MEXANİZM

647
Ərzaq mağazaları kart sisteminə keçir İŞLƏMƏYƏN ƏHALİ NECƏ ALIŞ-VERİŞ EDƏCƏK? - MEXANİZM

Apreldən etibarən ölkədəki ərzaq dükanları da kart sisteminə keçəcəyinə dair məlumatlar yayılıb. Yəni, alıcı məhsulun pulunu kartla ödəyə biləcək. Dünyanın inkişaf etmiş ölkələrində olan bu təcrübənin Azərbaycanda istifadə mexanizmi necə olacaq? Artıq bununla əlaqədar əhalidə çoxsaylı suallar yaranıb.

Əhalini maraqlandıran suallardan biri də budur ki, alış-verişdə yalnız kart sistemi keçərli olarsa, işləməyən təbəqə necə alış-veriş edəcək?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, bu təcrübənin tətbiq olunması gözlənilən idi:

Kart sisteminə keçid alıcılar üçün heç bir problem yaratmayacaq. Nəğd, yaxud kartla, alış-veriş etməyin heç bir fərqi yoxdur. Əlbəttə, kart sistemi ilə yanaşı nəğd ödəniş də qalacaq. Məcburi olaraq yalnız kart sistemi ilə ödəniş həyata keçirilə bilməz. Alternativ variant mütləq olmalıdır. Dünyanın inkişaf etmiş ölkələrində hətta küçədən qəzet aldıqda belə kartla ödəniş edilir. Düşünürəm ki, Azərbaycanda bu sistem çoxdan oturuşmalı idi”. 

İqtisadçının sözlərinə görə, Azərbaycanda həm təqaüd, həm də maaş kartlarının alış-veriş üçün xüsusi özəlliyi var. Bu kartlardan alış-verişdə istifadə etmək mümkündür: “Əhalidə psixoloji bir amil var ki, karta pul ötürülən kimi onu nəğdə çevirmək istəyirlər. İnzibati yolla bu prosesin qarşısını almaq mümkün deyil. Ən sadə yol təşviqlər mexanizmidir”. 

İqtisadçının sözlərinə görə, əhalinin kartla alış-verişə həvəsləndirmək üçün müxtəlif variantlardan istifadə etmək olar. Bunlardan ən cəlbedicisi isə əldə olunan çeklərin lotoreyalarda istifadə edilməsidir: “Vergilər Nazirliyi, yaxud Nazirlər Kabineti əhalidə kart sisteminə maraq yaratmaq üçün müxtəlif varinatlar təklif edə bilər. Məsələn, kart sistemi ilə ödəniş edən şəxslərin çekləri müəyyən lotereyalarda oynanıla bilər. Vergilər Nazirliyi bu lotoreyalar vasitəsilə minlərlə uduş həyata keçirər. Bununla da kart sistemi ilə ödənişə stimul yarada bilər.

Bu, əmrlə həyata keçirilərsə, düşünürəm ki, heç bir nəticə əldə etmək mümkün olmayacaq. Necə ki, siqaretlə bağlı göstəriş oldu, tütün məmulatlarının pərakəndə satışı ləğv olundu, topdansatışı qüvvədə qaldı. Bunun nəticəsidir ki, bu gün bir çox siqaret növləri dükanlarda tapılmır. Çünki bu cür addımlar əmrlə deyil, təşviqlə baş tuta bilər. Stimullaşdırma ilə bu cür tədbirlər həyata keçirilərsə, müsbət addım atılar, ticarət dövriyyəsi genişlənər. Bu planın həyata keçməsi üçün alış-veriş məkanlarında ödəmə sistemləri yaradılmalıdır”. 

Xəbər lenti