Federal Ehtiyatlar Sisteminin (FED) dünənki iclasında uçot dərəcəsini 0,25% qaldıraraq, 1-1,25% səviyyəsinə çatdırıb.
FED uçot dərəcəsini qaldırdı.
“FED-in bu qərarı əslində gözlənilən idi”.
Mynews.az xəbər verir ki, bu sözləri Metbuat.az-a açıqlaması zamanı iqtisadçı Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, bu qərarın verilməsi FED-in niyyətlərini ortaya qoydu və bazar oyunçularına ilin sonuna qədər hansı addımların atılması haqqında ipucu oldu:
“Bu qərarın bazarlara ilin sonuna yaxın daha ciddi təsiri olacaq. Çünki FED dünənki açıqlamasında il ərzində azı bir dəfə yenə faiz artımına gedəcəyi siqnalını verdi. Bu da çox güman ki, senyabr, yaxud oktyabr toplantısında olacaq. Bu il ərzində 3-cü faiz artımının olması bazarlara daha ciddi təsir göstərəcək.
İlin sonuna qədər…
2008-ci ildən bəri FED hər ay bazara 60-80 milyard dollar arası vəsait çıxarırdı. Bu vəsait iqtisadi canlanmaya səbəb olurdu. Dünən həmin vəsaitin azaldılması ilə bağlı qərar verildi. Bu, daha vacib amillərdən biridir. Ona görə də, bu il ərzində növbəti artımın olması ehtimalı getdikcə bazarlara daha çox təsir göstərəcək. Bu da dollar indeksinin bahalaşmasına səbəb ola bilər. Çox güman ki, belə də olacaq. İlin sonuna qədər dolların digər valyutara nisbətən möhkəmlənməsini görəcəyik. Bunun da bütün dünya iqtisadiyyatına, eləcə də Azərbaycana təsirləri mütləq olacaq”.
Xatırladaq ki, FED sonuncu dəfə mart ayında uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1%-dək artırmışdı.