“Üzən məzənnə”yə keçid Neft Fondunun gəlirlərinə təsir edəcəkmi? AÇIQLAMA

532
“Üzən məzənnə”yə keçid Neft Fondunun gəlirlərinə təsir edəcəkmi? AÇIQLAMA

“Bildiyiniz kimi, Neft Fondunun büdcəsinin böyük hissəsini manatla olan xərclər, o cümlədən dövlət büdcəsinə transfert və digər ödənişlər təşkil edir. 

SOFAZ-ın əsas gəlir mənbəyi olan karbohidratların satışı da daxil olmaqla bütün daxilolmaları xarici valyutalarda, əsasən, ABŞ dollarında baş tutur və yuxarıda qeyd edilən öhdəliklərin həyata keçirilməsi məqsədilə bu valyutanın Azərbaycan manatına mübadilə edilməsi zərurəti yaranır”.

Mynews.az bxəbər verir ki, bu sözləri Dövlət Neft Fondunun (SOFAZ) icraçı direktoru Şahmar Mövsümov APA-ya müsahibəsində deyib. 

“Fond böyük həcmdə valyuta satışının valyuta bazarına təsirini azaltmaq və eyni zamanda Fondun büdcə öhdəliklərini vaxtında icra etmək məqsədilə mütəmadi olaraq Azərbaycan Mərkəzi Bankı tərəfindən təşkil olunan hərraclar vasitəsilə valyuta bazarında valyuta satışının bərabər hissələrlə həyata keçirilməsində iştirak edir. 

Cari ilin büdcəsində 6,1 milyard manat həcmində dövlət büdcəsinə transfertdən əlavə makroiqtisadi sabitliyin qorunması istiqamətində ilk dəfə olaraq Mərkəzi Banka 7,5 milyard manata qədər vəsaitin köçürülməsi də nəzərdə tutulub.

Sabit məzənnə rejimində satışa çıxarılmalı olan xarici valyutanın həcmi əvvəlcədən bəlli olurdu. Lakin “üzən məzənnə” rejimində valyuta məzənnəsi bazarda tələb və təklif əsasında müəyyən olunduğundan il ərzində hərraclarda satılmalı olan xarici valyutanın həcmi hazırkı məzənnə ilə hesablanmış məbləğdən az və ya çox ola bilər.

Bunlara baxmayaraq, Fondun vəsaitlərinin böyük hissəsinin likvid aktivlərə investisiya olunması qeyd olunan istiqamətlərdə büdcə xərclərinin tam olaraq həyata keçirilməsinə imkan verir.

Digər tərəfdən qeyd olunmalıdır ki, Neft Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri Fondun vəsaitlərinin ildən-ilə artımı və gələcək nəsillərə qorunub saxlanılmasıdır. 

Bildiyiniz kimi, bu məqsədə xidmət edən Fondun investisiya portfeli xarici valyutada ifadə olunan aktivlərə investisiya edilib ki, bu baxımdan da Mərkəzi Bank tərəfindən təyin olunan hər hansı spesifik valyuta rejimi Fondun investisiya istiqamətlərinə təsir etmir”.

Xəbər lenti