Pulunu banka yatıran vətəndaş indi onu geri ala bilmir. Gəncə şəhər sakini Elmira Məmmədova belə iddia edir. Onun sözlərinə görə, həyat yoldaşı Gəncədə yerləşən banklardan birinə ayrı-ayrı vaxtlarda ümumilikdə 108 min manat və 179 min dollar yatırıb. Pulu geri almaq istəyəndə isə bank pulu qaytarmayıb. İndi həmin bank bağlanıb.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, həyat yoldaşının banka 108 min manat və 179 min dollar depozit qoyduğunu iddia edən vətəndaş indi pullarını geri ala bilmədiyini deyir. Elmira Məmmədovanın sözlərinə görə, onun həyat yoldaşı Rəşid Hüseynov Rusiyada yaşayıb. Orda qazandığı pulları Azərbaycana gətirərək United Kredit Bankın Gəncə filialına qoyub.
Daha sonra isə Rəşid Hüseynov işləri ilə əlaqədər Rusiyaya qayıtmalı olub. Bu əsnada isə bank bağlanıb.
Daha sonra isə Rəşid Hüseynov pulunu tələb etmək üçün bankı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edib. Ancaq çox keçməyib ki, Rəşid Hüseynov 2015-ci ildə Rusiyada qətlə yetirilib. Mərhumun vəfat etməsinə baxmayaraq, Korrupsiya qarşı Mübarizə Baş İdarəsi işi araşdırıb. Ümumilikdə 108 min manat pulun mənimsənildiyi müəyyən edilib.
Elmira Məmmədova bu məbləğlə razılaşmayıb və iş məhkəməyə göndərilib. Vətəndaşın dediyinə görə, proses 7 ay davam edib və sonda məhkəmə iddianı baxılmamış saxlayıb.
Elmira Məmmədovanın sözlərinə görə, məsələ ilə bağlı həmçinin Əmanətlərin Sığortalanması Fonduna da müraciət edib. Ancaq fonddan Rəşid Hüseynovun adına heç bir hesabın olmadığı bildirilib.
Əmanətlərin Sığortalanması Fondu ilə biz də əlaqə saxladıq. Fonddan bildirildi ki, quruma hələ ki, belə bir müraciət daxil olmayıb. Əgər müraciət olarsa, həmin şəxsin hesabına baxıla bilər.