Ələt-Astara yolu yenilənir VİDEO + FOTO

810
Ələt-Astara yolu yenilənir VİDEO + FOTO

Ələt-Astara istiqamətində yeni yolun əsas hissəsinin tikintisi yekunlaşır.

Mynews.az-ın məlumatına görə, Ələt-Astara–İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun 31-ci km-dən başlayaraq Astara şəhərinədək inşa olunan yeni yolun uzunluğu 174 km-dir. 

Layihə çərçivəsində yeni yol 1b texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yol 2 gediş və 2 gəliş olmaqla, 4 hərəkət zolağından ibarətdir.

Yeni Ələt-Astara avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yol boyu 692 dairəvi və düzbucaqlı su keçidinin, 69 yeraltı keçidin, 47 körpünün və 3 qovşağın tikintisi nəzərdə tutulub ki, sadalanan əksər mühəndisi qurğu artıq tikilərək istifadəyə tam hazır vəziyyətə gətirilib.

Hal-hazırda Yenikənd-Salyan-Şorsulu, Cəlilabad-Masallı və Masallı-Astara hissələri üzrə son tamamlanma işləri həyata keçirilir.

Daha dəqiqi desək, yolun Yenikənd-Salyan-Şorsulu hissəsində asfalt-beton örtüyünün döşənməsi, boruların uzadılması və yamaclarının dəmir-betonla bərkidilməsi, alt keçidlərin əks-dolğusu, yamaclara münbit torpağın verilməsi və ayırıcı zolaqda dəmir-beton baryerlərin qoyulması işləri aparılır.

Cəlilabad-Masallı və Masallı-Astara hissələrində isə asfalt-beton örtüyünün son qatının döşənməsi, körpülərdə tamamlanma, boruların tikintisi və mühafizəsi, çəpər çəkmə və baryerlərin qoyulması, yolun işıqlandırılması işləri görülür. Sadalanan işlər bitdikdən sonra yolun nişanlanması və işarələnməsi işlərinə başlanılacaq.

Bütün işlər tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Qeyd edək ki, hazırda mövcud olan Ələt-Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 km təşkil edir. İnşası aparılan yeni yol istifadəyə verildikdə isə bu məsafə 38 km qısalaraq 205 km olacaq. Böyük əhəmiyyətə malik yolun tikintisi turizmin və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.

Bundan başqa, şimaldan cənuba doğru və əksinə avtomobil yükdaşımaları dəhlizinin əsas elementlərindən biri olan Ələt-Astara avtomobil yolu ilə daşımaların daha rahat şəkildə həyata keçirilməsi mümkün olacaq. Bu amil isə yükdaşımaların həcminin artmasına gətirib çıxaracaq.  

 

 

Xəbər lenti