Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun Zığ-Hövsan hissəsinin əsaslı şəkildə yenidən qurulması işləri “Azəravtoyol” ASC tərəfindən texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə davam etdirilir.
Mynews.az xəbər verir ki, ASC-dən verilən məlumata görə, 24.5 km uzunluğunda olan Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun ilkin mərhələdə 6.8 km olan Zığ-Hövsan hissəsinin, ikinci mərhələdə isə 17.7 km uzunluğunda olan Hövsan-Türkan hissəsinin yenidən qurulması nəzərdə tutulur.
İlkin mərhələdə nəzərdə tutulan 6.8 km yolun 1.1 km-i hər iki istiqamət üzrə 3 olmaqla 6 hərəkət zolağı enində yenidən inşa edilib. 6.8 km-lik Zığ-Hövsan yolunun qalan hissəsinin I texniki dərəcəyə uyğun yenidən qurulması işləri də yekunlaşmaq üzrədir. Sözügedən hissə 2 gediş 2 gəliş olmaqla, 4 hərəkət zolaqlıdır. Hərəkət hissəsinin eni 18.5 m olmaqla torpaq yatağının eni 27.5 m-dir.
Yenidənqurma işləri çərçivəsində yol boyu ayrıcı zolaqda ikitərəfli müasir işıqlandırma sistemləri qurulacaq, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə 3 m enində piyada səkiləri tikiləcək. Müntəzəm sərnişin daşımaları ilə məşğul olan avtobusların ümumi hərəkətə mane olmadan dayanacaqlara giriş-çıxışı təmin etmək məqsədi ilə 8 yerdə 400-500 m uzunluğunda əlavə hərəkət zolağının salınması da nəzərdə tutulub.
Qeyd edək ki, Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolu salınarkən o vaxtki hərəkət şiddətinə hesablanaraq, norma və tələblərə uyğun şəkildə inşa edilmişdi. Hazırki hərəkət intensivliyinə, norma və standartlara cavab vermədiyindən isə sözügedən avtomobil yolu ilə hərəkətdə müəyyən problemlər yaşanırdı.