DGK Ukraynadan gətirilən toyuq məhsulları ilə bağlı məlumat yaydı

680
DGK Ukraynadan gətirilən toyuq məhsulları ilə bağlı məlumat yaydı

Ötən gün bir sıra kütləvi informasiya vasitələrində Ukraynadan idxal edilərək Azərbaycanın müxtəlif bazar və dükanlarında satılan “Qualiko” əmtəə nişanlı dondurulmuş toyuq məhsullarının insan orqanizmi üçün təhlükəli olduğuna dair məlumatlar yayılıb.

Mynews.az komitəyə istinadən xəbər verir ki, ölkə ərazisinə idxal edilən bütün növ mal və nəqliyyat vasitələri qanunvericilikdə nəzərdə tutulan müvafiq sənədlər yoxlanıldıqdan və lazım olduğu təqdirdə müvafiq ekspertiza və laborator müayinələr aparıldıqdan sonra gömrük rəsmiləşdirilməsindən keçirilir: “Qualiko” əmtəə nişanı adı altında ölkəyə gətirilən dondurulmuş toyuq əti məhsullarını idxal edən xarici iqtisadi fəaliyyət iştirakçıları da tələb olunan müvafiq sənədləri - Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin idxala icazə sənədini, Səhiyyə Nazirliyinin Gigiyenik sertifikatını, Ukraynanın Beynəlxalq Gigiyenik sertifikatını, mənşə sertifikatını, bir sözlə, qanunvericilikdə nəzərdə tutulan sənədləri müvafiq gömrük orqanına təqdim edib.

Bundan sonra yükün qida təhlükəsizliyinin təyin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsində müvafiq ekspertiza aparılıb və məhsulun təyin olunmuş normativlərə uyğun olduğu da müəyyən edilib. 

Eyni zamanda, idxalatçı şirkətin İqtisadiyyat Nazirliyinin “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin Mərkəzi qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasına təqdim etdiyi nümunənin kimyəvi analizi də aparılıb və laboratoriyanın sınaq nəticələrinə dair protokolunda nəmliyin normaya uyğun olduğu göstərilib. Qanunvericilikdə nəzərdə tutulan bütün prosedurlar həyata keçirildikdən sonra “Qualiko” əmtəə nişanı adı altında ölkəyə idxal olunan toyuq əti məhsulları gömrük rəsmiləşdirilməsindən keçirilib”.

Qurumun Mətbuat Xidməti gömrük rəsmiləşdirilməsi zamanı müvafiq gömrük orqanına təqdim olunan sənədlərin surətini də ictimaiyyətə açıqlayıb.

Qeyd edək ki, cari ilin əvvəlindən ölkəyə quş əti və əlavə məhsulların idxalı 2,4 dəfə artıb.

 

 

 

 

 

Xəbər lenti