Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) vəsaitləri 1643,9 mln. ABŞ dolları (büdcədənkənar gəlirlər 1288,8 mln. dolları daxil olmaqla) və ya 4,96% artaraq 34790,9 mln. dollara çatıb.
Mynews.az Hesablama Palatasının hesabatına istinadən xəbər verir ki, hesabat dövründə ARDNF-in gəlirlərinin ümumi həcmi 6127,2 mln. manat və yaxud 3504,7 mln. dollar təşkil etməklə büdcədə nəzərdə tutulan məbləğə qarşı (8370,6 mln. manat) 73,2% səviyyəsində yerinə yetirilib.
Fondun xərcləri 5533,8 mln. manat və ya 3149,6 mln. dollar təşkil etməklə büdcədə nəzərdə tutulan məbləğə qarşı (14483,9 mln. manat) 38,2% səviyyəsində icra edilib. ARDNF-nin
baza valyutasını təşkil edən ABŞ dolları ifadəsilə büdcədənkənar gəlirlər 1288,8 mln. dollar təşkil edib, həmin dövr ərzində isə dollar ifadəsilə Fondun büdcədənkənar xərcləri olmayıb.
Cari ilin ilk yarısında Fondun investisiya portfelinin gəlirliyi 1,12% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 0,62 faiz bəndi çoxdur.
ARDNF-nin ümumi gəlirlərinin 6 aylıq dövr ərzində 73,2% icra edilməsinin əsas səbəbi kimi xam neftin ixrac qiymətinin dövlət büdcəsində 40 dollar/barel həcmində proqnozlaşdırılmasına baxmayaraq, 6 aylıq dövr ərzində mənfəət neftinin orta çəkili satış qiymətinin 53 dollar/barel təşkil etməsi olub.
Ümumilikdə isə manat ifadəsilə Fondun vəsaitləri 2017-ci il iyulun 1-nə 57474,2 mln. manat təşkil edib. Fondun xərclərinin 6 aylıq dövr ərzində 38,2% icra edilməsini isə makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankına (AMB) transfertin nəzərdə tutulmuş məbləğə qarşı (7500,0 mln. manat) 32,7% az icra edilməsi ilə (2448,3 mln. manat) əlaqələndirmək olar.