Azərbaycana avtomobillərin gətirilməsi ilə bağlı mühüm qadağa

830
Azərbaycana avtomobillərin gətirilməsi ilə bağlı mühüm qadağa

Azərbaycanda köhnə avtomobillərin ölkəyə gətrilməsinin qarşısını almaq üçün yeni qadağaya ehtiyac var.

Bunu avtomobil eksperti Eldəniz Cəfərov deyib. Onun sözlərinə görə, istehsal tarixi 2005-ci ilə qədər olan avtomobillərin ölkəyə gətirilməsinin qadağan edilməsi artıq müsbət təsirini göstərib:"Əvvəllər köhnə, sıradan çıxmış, bir neçə avtomobilin birləşməsi olan avtomobilləri Azərbaycana gətirirdilər. Onlara tam nəzarət mümkün deyildi. Bununla bağlı qadağanın müsbət təsirləri oldu, xüsusilə də ekologiyaya vurulan zərərin böyük bir hissəsi aradan qalxdı".
Ekspert təklif edir ki, artıq istehsal tarixi 2010-ci ilə qədər olan avtomobillərin ölkəyə gətirilməsinə qadağa qoyulsun. Belə olan halda artıq köhnə avtomobillərin Azərbaycana gətirilməsinin qarşısı alınacaq. Həm fərdi qaydada, həm də distribütorlar ölkəyə yeni avtomobilləri gətirə biləcəklər.
E.Cəfərov bildirib ki, yeni qadağanın tətbiqi ilə əlaqədar ölkəyə yeni maşın gətirilməsi üçün bank və sığorta xərclərində güzəştlərin tətbiqi, 20% ilkin ödənişlə avtokreditlərin bərpa edilməsi məqsədəuyğun olardı: "Yeni avtomobillərə görə verilən avtokreditlərdə ilkin ödənişin aşağı salınması avtomobil bazarında yenidən canlanma yaradacaq".
Ekspertin sözlərinə görə, daha bir güzəşt isə, avtokreditlərə görə bankın tutduğu əlavə xərclərin aradan qaldırılması ola bilər: "Avtomobili kreditlə alan müştəri onsuzda əlavə faiz ödəyir. Bununla yanaşı, ondan əlavə xərclər də çıxılır. Bu xərclər ixtisar edilməlidir. Eyni zamanda sığorta xərclərində də endirim edilsin. Hazırki şərtlər daxilində kasko sığorta xərcləri çox yüksəkdir".

E.Cəfərovun sözlərinə görə, ölkəyə köhnə avtomobillərin gətirilməsinin qarşısının bu şəkildə alınmasının bütün tərəflər üçün müsbət nəticəsi olacaq. Birincisi, ekologiyaya vurulan ziyanın qarşısı xeyli azalacaq. Avtokreditlərin genişlənməsi avtomobil bazarını canlandıracaq. Bu isə öz növbəsində avtomobil şirkətləri, bank və sığorta şirkətləri də daxil olmaqla, ümumilikdə ölkənin bütün maliyyə sisteminə müsbət təsir göstərəcək.

fins.az

Xəbər lenti