Avqust ayında qlobal neft təklifi kəskin azalacaq

636
Avqust ayında qlobal neft təklifi kəskin azalacaq

Orta Şərq və Afrikada neft hasilatının azalmasının təsiri ilə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) neft təklifi avqustda kəskin aşağı düşəcək.

Mynews.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə OPEC-in ixracını analiz edən “PetroLogistics” şirkətinin proqnozunda deyilir.

Bildirilir ki, OPEC-in neft təklifi bu ay gündəlik 419 min barel azalacaq. Buna səbəb Səudiyyə Ərəbistanının azalan neft ixracı və neft hasilatının azaldılması sazişinə qoşulan digər neft istehsalçılarının hasilatı aşağı salmalarıdır.

“PetroLogistics”in icraçı direktoru Daniel Gerber deyib: “OPEC-ə üzv 14 ölkədə neft təklifinin ümumilikdə gündəlik 419 min barel azalacağı nəzərə alındıqda avqustda kartelin sutkalıq hasilatının orta hesabla 32,8 milyon barel olacağı gözlənilir. OPEC-in xam neft ixracı avqustun ilk yarısında gündəlik 750 min barelədək azalıb. Latın Amerikası ölkələrinin neft ixracında artım müşahidə edilib, Orta Şərq və Afrikada isə azalmalar qeydə alınıb”.

O, ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının ixracının bu ay keçənilki səviyyədən 1 milyon barel aşağı düşərək 6,6 milyon barelə qədər azaldığını açıqlayıb.

Qeyd edək ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan iyulda hasilatı sutkada 35 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Ölkə üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barel, fevralda 776,4 min barel, martda 733,3 min barel, apreldə 781,1 min barel, mayda 785,3 min barel, iyunda isə 793,7 min barel olub. Mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.

Xəbər lenti