“Lotereyalar haqqında” qanuna dəyişiklik qüvvəyə minib

650
“Lotereyalar haqqında” qanuna dəyişiklik qüvvəyə minib
Azərbaycan prezidenti İlham Əliyev “Lotereyalar haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 30 dekabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
 
“Lotereyalar haqqında” qanunda aşağıdakı məzmunda 8-1-ci maddə əlavə edilib:
 
“Maddə 8-1. Lotereyaların reklamı
 
8-1.1. Lotereyaların reklamının sifarişçisi qismində lotereya təşkilatçısı çıxış edir. Reklam lotereya biletlərinin (onlara bərabər tutulan digər məlumat daşıyıcılarının) üzərində yerləşdirilə bilər.
 
8-1.2. Lotereyada udan şəxsin yazılı razılığı olmadan, adı reklamda açıqlana bilməz.
 
8-1.3. Lotereyaların reklamında aşağıdakılar qadağandır:
 
8-1.3.1. yetkinlik yaşına çatmayanlara müraciət olunması;
 
8-1.3.2. lotereyalarda iştirakın cəmiyyətdə nüfuz qazanmaq vasitəsi olması fikrinin yaradılması;
 
8-1.3.3. lotereyalarda qazanc əldə edilməsinə zəmanət verilməsi;
 
8-1.3.4. lotereyalarda iştirak etməyənlərin nüfuzdan salınması.
 
8-1.4. Lotereyaların reklamı telekommunikasiya, kütləvi informasiya, nəqliyyat vasitələrində, açıq məkanda olan reklam daşıyıcılarında yerləşdirilə bilər. Lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir.
 
8-1.5. Stimullaşdırıcı lotereyanın reklamında həmin lotereyanın keçirilməsinin şərtləri, vaxtı və müddəti, uduş fondu, uduşların verildiyi yer və vaxt, alınması şərtləri, onların təşkilatçısı barədə məlumatlar əks olunmalı yaxud səsləndirilməlidir.
 
8-1.6. Stimullaşdırıcı lotereya biletlərinin sahiblərinə uduş qismində tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilər, tütün və tütün məmulatları təklif oluna bilməz.
 
8-1.7. Tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin, tütün və tütün məmulatlarının satışını stimullaşdırmaq məqsədi ilə lotereyaların keçirilməsi qadağandır.
 
8-1.8. Keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına yol verilmir”.
 
APA

Xəbər lenti