Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi işsizlikdən Sığorta Fondunun büdcə layihəsini də tərtibi prosesini yekunlaşdırıb.“İşsizlikdən sığorta haqqında” qanun 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək. Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev tərəfindən müvafiq fərman imzalanıb. Hazırda həmin fərmanın icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən müvafiq tədbirlər görülməkdədir.
Mynews.az xəbər verir ki, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov bildirib. Onun sözlərinə görə, sözügedən qanunun praktiki işləmə mexanizmi üçün həmin fərmanla 6 müxtəlif qaydanın hazırlanaraq təsdiq edilməsi ilə bağlı tapşırıqlar verilib: “Bəzi qaydalar Nazirlər Kabinetinin qərarı şəklində, bəzilərinin isə nazirliyinin kollegiya qərarı kimi təsdiq olunaraq normativ hüquqi akt kimi Ədliyyə Nazirliyində Normativ Hüquqi Aktlar Reyestrinə daxil edilməsi ilə bağlı tapşırıqlar verilib. Eləcə də, 3 qanuna “Sosial sığorta haqqında”, “İnzibati icraat haqqında” və “Məşğulluq Haqqında” qanunlara müvafiq dəyişikliklər olunmalıdır. Hazırda tərəfimizdən bu qanunların layihələri hazırlanır və tezliklə yekunlaşaraq təsdiq ediləcək. Qanunlara ediləcək dəyişikliklər müvafiq nazirliklərlə razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə, daha sonra isə Prezident Administrasiyasına təqdim olunacaq. Hazırda bu proses gedir və yanvar ayının 1-nə qədər bunların hamısı bitəcək”.
Nazirin sözlərinə görə, layihədə ilkin hesablamalara görə 2018-ci il ərzində təqribən 89 mln. manat vəsaitin daxil olması nəzərdə tutulur: “Ondan 36 milyon manata yaxın vəsaitin, yəni hazırda istifadə olunan vəsaitdən 6 dəfə çox məbləğin özünüməşğulluq proqramlarının, aktiv məşğulluq proqramlarının icrasına yönəldilməsi nəzərdə tutulur. Bu isə onu göstərir ki, bu layihənin reallaşdırılması yolu ilə təqribən hazırda özünüməşğulluq proqramına cəlb edilənlərdən 6 dəfə çox ailənin, yəni təqribən 8000-8500 ailənin bu proqrama cəlb ediləcəyini göstərir. Ümumilikdə hər il 5-10 minə yaxın ailə bu prosesə cəlb olunacaq”.