Ətlə bağlı əhaliyə bəd xəbər Bundan sonra hər kəsə…

1814
Ətlə bağlı əhaliyə bəd xəbər Bundan sonra hər kəsə…

Natiq Cəfərli: “Qonşu Gürcüstanda ət bizdən ucuzdur. Gömrük rüsumları sıfırlanarsa, qonşu ölkədən ətin gətirilməsində heç bir maneə olmazsa, o zaman bazara təsir göstərə bilər”

“Ətin qiyməti ilə bağlı problemlər ötən ildən başlanıb”.

Bunu “Sherg.az”a Azərbaycan ət idxalını kəskin artmasına münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, ənənəvi maldarlıq regionlarında texniki bitkilərin əkilməsi sürətləndikdən sonra yemin bahalaşması mal-qara saxlayanların sayını azaltdı:

“Bu isə bazara çıxan ətin həcminin azalmasına, qiymətin artmasına səbəb oldu. Bu isə idxala təkan verdi. Xaricdən gətirilən ətin əksəriyyəti isə dövlət sifarişi ilə edilir. Məsələn, Müdafiə Nazirliyinin tenderləri var, daxildə ət baha olduğundan şirkətlər xaricdən gətirməyi üstün tutur.

Daxildə tələbatın artması da müşahidə olundu. Bu ölkəyə gələn qonaqların sayının artması ilə bağlıdır. Ölkədə ət istehsalı azalsa da, istehlak artıb. Bu da qiymətlərə təsir göstərən amillərdən birinə çevrilib.

Gedişat onu göstərir ki, yem alınması aşağı səviyyədə olduğu halda ətin qiyməti yüksəkdir. Noyabr ayından başlayaraq maldarlar daha çox yem almağa məcbur olacaq. Yemin isə 2-3 dəfə bahalaşması ətin qiymətinin yenidən bahalaşmasına səbəb olacaq. Nəticədə Yeni il qabağı 10-15 faiz ətin qiymətlərində bahalaşma özünü göstərəcək”.

N.Cəfərlinin sözlərinə görə, bahalaşmanın qarşısını almaq üçün sırf idxaldan istifadə etmək çıxış yolu deyil. Çünki xaricdən gətirilmiş ət dondurulmuş ətdir:

“Bu da Azərbaycan istehlakçısının ağız dadına uyğun deyil. Biz sovetlər vaxtı görmüşdük bu dadı, artıq unutmuşuq. Dondurulmuş ətin bazara çıxarılıb, satılması effekt verməyəcək. Yenə də ağız dadına uyğun olan yerli ətin bahalaşması qaçılmaz olacaq.

Amma idxal məhsullarını başqa şəkildə artırmaq olar. Məsələn, qonşu Gürcüstanda ət bizdən ucuzdur. Gömrük rüsumları sıfırlanarsa, qonşu ölkədən ətin gətirilməsində heç bir maneə olmazsa, o zaman bazara təsir göstərə bilər. Çünki təxmini eyni keyfiyyətli məhsullar olacaq. Lakin indiki yanaşma ilə noyabrdan sonra ətin qiymətində növbəti artımı müşahidə edəcəyik”.

Qeyd edək ki, 2017-ci ilin yanvar-avqust ayları ərzində ölkəyə statistik dəyəri 42 mln. 979,26 min dollar olan 28 min 249,77 ton ət idxal edilib ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 11 min 329,58 ton və ya 66,96% çoxdur.

Xəbər lenti