"Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İB-yə olan borcu açıqlanıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, "Azəristiliktəchizat" ASC üzrə 89,532 min manat borcun ödənilməsi və 01.05.2017-ci il tarixə yaranmış borc qalığı barədə qarşılıqlı hesablaşmalar üzrə üzləşmə aktının təsdiq olunması üçün adıçəkilən quruma "Azəriqaz" tərəfindən rəsmi müraciət olunub.
"Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev borcun mövcudluğunu təsdiqləyib: "2015-ci ildə analoji problem var idi. Məsələyə hökumət səviyyəsində müdaxilə olundu və bundan sonra problem öz həllini tapdı. Bizim münasibətimiz bundan ibarətdir ki, bir dövlət qurumunun digərinə borcunun olmasından vətəndaş əziyyət çəkməməlidir".
Borcun yaranmasının səbəblərinə gəlincə, R. Əliyevin sözlərinə görə, əhaliyə verilən istiliyin tarifləri maya dəyərindən qat-qat aşağıdır. "Baxmayaraq ki, bizim yığımlarımız 100% səviyyəsindədir, bizim iradəmizdən asılı olmayaraq, borc yaranır. Başqa sözlə, biz zərərlə işləyən təşkilatıq - gəlirlərimiz xərclərimizdən azdır. 2011-ci ildən etibarən bizim tariflər artmayıb, lakin bu dövr ərzində elektrik enerjisi və təbii qazın tarifləri artıb", - deyə o vurğulayıb.
R. Əliyevin son ifadələrindən sonra istər-istəməz ağıla bir sual gəlir: "Azəristiliktəchizat" ASC tarif artımı ilə bağlı Tarif Şurasına müraciət edibmi? Qurum rəsmisinin suala cavabı belə olub: "Biz dövri olaraq, Tarif Şurasına hesabatlarımızı veririk. Şura bizim zərərlə işlədiyimizi bilir".
Bəs təxminən 90 mln. manat borcun olması abonentlərin istiliklə təchizatına təsir edəcəkmi? R. Əliyev deyir ki, qurumun balansında olan qazanxanalar hazır vəziyyətdədir. "Bilirsiniz ki, biz noyabrın 15-dən etibarən istiliyin verilməsinə başlayırıq. İstisnalar da olur. Məsələn, ötən il biz bəzi sosial obyektlərə noyabr ayının əvvəlindən etibarən istilik verdik. Biz hər il çalışırıq ki, vətəndaşlarımız soyuqdan əziyyət çəkməsin. Bu il də buna nail olmaq üçün əlimizdən gələni edəcəyik", - deyə o qeyd edib.
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev isə deyir ki, söhbət illərlə yığılan borcdan gedir və "Azəristiliktəchizat" borcun bir qismini ödəyib: "Tərəfimizdən aidiyyəti quruma borcun ödənilməsi üçün müraciətlər olub. Bu borcun ödənilməsi "Azəriqaz" üçün böyük əhəmiyyət kəsb edir və bu səbəbdən ödəniş edilməlidir".
Borcun olmasının vətəndaşların mənzillərinin istiliklə təchizatına yarada biləcəyi maneələrdən danışan İ. Kərbəlayev qeyd edib ki, ilk növbədə borcu olmayan qazanxanalar qazla təmin olunacaq.
"Çalışacağıq ki, vətəndaşlarımız bundan əziyyət çəkməsin", - deyə o əlavə edib.