Yağın qiymətini kim bahalaşdırır?

624
Yağın qiymətini kim bahalaşdırır?

Dövlət Gömrük Komitəsinin ölkəyə idxal edilən kərə yağının 1 kq-nın 3.39 ABŞ dollarına, cari ildə isə 4.28 ABŞ dollarına rəsmiləşdirilməsi barədə açıqlaması müzakirələrə yol açıb.

Mynews.az xəbər verir ki, hazırda market və dükanlarda kərə yağının kiloqramı 18 manata satılır. Konkret olaraq yağlar bazarda rəsmiləşdirildiyi qiymətin üzərinə bir o qədər də pul qoyulmaqla istehlakçılara təqdim edilir.  

Maraqlıdır,  yağın qiymətinin qalxmasında Dövlət Gömrük Komitəsi, yoxsa sahibkar maraqlıdır?

"Qafqazinfo" Dövlət Gömrük Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin  rəhbəri Natiq Axundovla əlaqə saxlayıb. O ötən gündən etibarən açıqladıqları  statistik rəqəmlərlə bağlı xeyli sorğu aldıqlarını bildirib. Komitə növbəti dəfə məsələyə aydınlıq gətirəcəyini vurğulayıb. 

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, yağın qiyməti dövlət tərəfindən tənzimlənən mal və məhsulların siyahısına daxil deyil. 

İqtisadçı ekspert Natiq Cəfərli "Qafqazinfo"ya açıqlamasında deyib ki, burada əsas məsələ rəqabət mühitinin yaradılması ilə bağlıdır: “Əgər bazarda sağlam rəqabət olarsa, sahibkarlar da bunu nəzərə alıb, qiyməti ona görə təyin edərlər. Gömrük Komitəsi özü də etiraf edib ki, yağın hər kilosu 4,28 dollara rəsmiləşib, yəni, 7,2 manata. Tutaq ki, logistik xərcləri də hər kiloya 1,5 dollar olsun, yəni 2,55 manat. Deməli, Bakıya yağ 9,75 manata daxil olur. Bəs necə olur ki, 18 manata satılır?! Harada görünüb ki, malın üzərinə dəyəri qədər də qoyub satasan?! Gömrük Komitəsi necə izah edə bilər ki, Yeni Zelandiyadan gələn yağ Tiflisdə 10-11 manata satılır, Bakıda 18-19 manata?!

Komitənin açıqlamasının davamında qeyd olunur ki, 2016-cı ildə Almaniyadan 11, Rusiya Federasiyasından 11, Ukraynadan 10, Belarusdan 7, Yeni Zelandiyadan 5 şirkət, 2017-ci ilin 9 ayı ərzində isə Ukraynadan 13, Rusiya Federasiyasından 8, Türkiyədən 7, Belarusdan 6, Almaniyadan 5, Yeni Zelandiyadan 4 şirkət yağ idxalını həyata keçirib (cəmi 51 şirkət olduğunu deyirlər).

Komitə həmin şirkətlərin adlarını açıqlaya, kimlərə məxsus olduğunu deyə bilərmi? Məsələn, Gürcüstana ərzaq gətirən 1000-dən çox hüquqi və fiziki şəxs var, rəqabət belə yaranır.

Sərhədyanı rayonlarda yaşayan əhali, sizcə, niyə Gürcüstandan, Rusiyadan, İrandan öz ailələri üçün yağ keçirmək istəyir? Çünki o ölkələrdə ucuzdur. Bəs niyə həmin ölkələrdə ucuz olan yağ Azərbaycanda baha olmalıdır? Bunu necə izah edə bilərsiniz? Nədən vətəndaşa öz ailəsi, lap qonşusu üçün 5-6 kq yağ keçirməyə imkan vermirsiniz?! 

Gömrük qurumunun fəlsəfəsi daxili bazarı qorumaq, vətəndaşa xidmət etməkdir, bu orqanın yanaşması bir ovuc insanların varlanmağına xidmət etmək olmamalıdır".

Qeyd edək ki, hazırda marketlərdə "Westgold" və "Ancor" kərə yağlarının 1 kiloqramı 17.50 AZN, "French Cow" Fransa yağının kiloqramı 18.30 AZN, "President" yağı 18.50, "Pınar" kərə yağı isə 24.35 AZN-ə satılır.

Xəbər lenti