Dollarla bağlı proqnoz: Azərbaycanda sürətlə ucuzlaşacaq

1484
Dollarla bağlı proqnoz: Azərbaycanda sürətlə ucuzlaşacaq
Azərbaycanda yaxın vaxtlarda ABŞ dollarının məzənnəsi ucuzlaşmağa davam edəcək. 
 
Mynews.az  "Report"un analitik qrupuna istinadən bildirir ki, buna səbəb kimi Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələr - Türkiyə, Rusiya və Çində dolların ucuzlaşması amili göstərilir. Belə ki, bu ölkələrdə dolların məzənnəsinin aşağı düşməsi Azərbaycana idxal olunan malları dollar ekvivalentində bahalaşdırıb. Bu da öz növbəsində daxili bazardakı qiymətlərdə əksini tapır. Azərbaycanda dolların məzənnəsinin artması bu ölkələrdən gələn malların manat ekvivalentində qiymətlərini daha da artırır. Bu da əhalinin alıcılıq qabiliyyətini aşağı salmaqla yanaşı bəzi mallar üzrə qıtlıq yaradır. Qeyd olunan səbəbdən yaxın günlərdə Azərbaycanda dolların məzənnəsinin 1,60-1,65 AZN/USD səviyyəsinə kimi geriləməsi istisna edilmir.
 
Qeyd edək ki, Azərbaycan manatının real effektiv məzənnəsinin 85-95% səviyyəsində sabitləşməsi qənaətbəxş hesab edilir. Real effektiv məzənnə bu səviyyədən yuxarı olarsa, idxalın artması, aşağı olarsa - alıcılıq qabiliyyətinin zəifləməsi və bir sıra mallarda qıtlığın yaranmasına səbəb ola bilər. Xatırladaq ki, manatın real effektiv məzənnəsi, yəni manatın ticarət tərəfdaşı olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişməsinin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortalamasını əks etdirir. Yəni, bu, milli valyutanın bir neçə valyutaya nəzərən ortaçəkili dəyişmə indeksidir. Real effektiv məzənnənin azalması manatın dəyərinin ticarət tərəfdaşı olan ölkələrin valyutaları ilə müqayisədə ucuzlaşması deməkdir. 
 
Xatırladaq ki, Azərbaycanda dolların ucuz olduğu 2008-2015-ci illərdə real effektiv məzənnə 120-130% diapazonunda, 2015-ci ilin yanvarında, ilk devalvasiya ərəfəsində isə 153,1% təşkil edib. 2016-cı ildə isə real effektiv məzənnə 87-92,8% diapazonunda olub. Manatın real effektiv məzənnəsinin 2000-ci ildən indiyədək ən minimal həddi isə 2004-cü ildə (74,2%) qeydə alınıb.
 
Qeyd edək ki, 2016-cı ilin sonuna manatın real effektiv məzənnəsi 91,3%-ə bərabər olub. İlin əvvəlindən isə ticarət tərəfdaşı olan ölkələrin valyutaları üzrə baş verən ucuzlaşma səbəbindən bu göstərici azala bilər. Belə ki, Türkiyədə dolların məzənnəsi bu ilin maksimal səviyyəsindən 8%, Rusiyada 8%, Çində isə 1% azalıb. Azərbaycanda prosesin qarşısının alınması üçün dolların məzənnəsinin ucuzlaşdırılması vacibdir. Qeyd edək ki, Azərbaycanda dolların rəsmi məzənnəsi bu ilin maksimal həddindən 9% aşağı düşsə də, banklardakı dolların satış qiyməti 4% azalıb.

Xəbər lenti