BakuBus-da gediş haqqı 45 qəpik ola bilərmi?

756
BakuBus-da gediş haqqı 45 qəpik ola bilərmi?

30 yaşlı Ülvi hər gün evdən çıxıb, dayanacağa gəlir, telefonuna yüklədiyi proqramla minəcəyi avtobusun yaxınlıqda olub olmadığını yoxlayır, gözlədiyi marşrut gələndə ön qapıdan keçib, rahat yoluna davam edir.

Dediyinə görə, indiyə kimi bir neçə ölkədə ictimai nəqliyyatdan istifadə edib, BakuBus rahatlığına, qayda-qanuna görə Avropadakı avtobuslara yaxın xidmət göstərir.

Bircə fərqlə – marşrutun hansı saatlarda hansı dayanacaqdan keçəcəyi əvvəlcədən bəlli olmur – nəqliyyat qrafiki heç cür işə düşmür ki, düşmür.

Birinci Avropa Oyunları öncəsi Fransadan gətirilən, birinin qiyməti 330 min dolları aşan bu avtobuslarda gediş haqqı 20 qəpikdir.

Baku Bus marşrutları təkcə xidmət səviyyəsinə görə Avropadakı nəqliyyat xidmətinə bənzəmir. Elə bir çox Avropa ölkələrində olduğu kimi burda da ictimai nəqliyyat şirkətinin xərclərinin böyük yükü dövlətin üzərinə düşür.

Xərclər gəlirdən 2 dəfə çoxdur

Şirkətin maliyyə hesabatında bu barədə ətraflı məlumat verilir. “Baker Tilly Azerbaijan” audit şirkətinin müsbət rəy verdiyi sənəddə son iki ildə təkcə sərnişin daşımaları üzrə “BakuBus” MMC-nin 27 milyon manat zərərə düşdüyü göstərilir.

Hesabat bu həftə şirkətin saytında təqdim olunub. Audit yoxlaması isə avqust ayında tamamlanıb. Auditor şirkətin toplam zərərlərinin 2017-ci ilin əvvəlinə 151,5 milyon manatı keçdiyini təsdiq edib.

2016-cı ildə qəpik-qəpik yığaraq 12,6 milyon manat gəlir götürən “BakuBus” MMC-nin xərcləri 28,4 milyon manata çatıb.

Başqa sözlə, bir sərnişinin ödədiyi 20 qəpiklik gediş haqqının maya dəyərindən 2,25 dəfə yüksəkdir və azı, 45 qəpik olarsa, sərnişin şirkəti ziyana salmaz. Amma bu da son deyil… Şirkətin inzibati aparatını saxlamaq da var. İl ərzində bu, 4,5 milyon manata başa gəlib.

Bəs “BakuBus” MMC-nin xərcləri nəyə çıxır?

Yeni avtobuslar artıq iki il bundan öncəki deyil və onların köhnəlməsi ilə bağlı məsrəflər şirkətin ötənilki xərclərinin yarıdan çoxunu (19,9 milyon manat) təşkil edib. Yeni avtobusların sürücüləri pis qazanmırlar və orta aylıq əmək haqqının 700 manat olduğu deyilir. İl ərzində əmək haqqı fondu 6,5 milyon manat olub. Hələ avtobusların hər il milyon yarıma çatan sığorta xərci də var.

Qanunvericilik sərnişin daşımaları üzrə vergi yığımlarını xüsusi qaydalarla tənzimləyir. Avtobusdakı 1 sərnişin oturacağı yeri üçün ayda 1 manat 80 qəpik sadələşdirilmiş vergi ödənilir. Bu hesabla “BakuBus” MMC dövlət büdcəsinə 2015-ci ildə fəaliyyətə yeni başlayarkən 50 min manat, ötən il isə bundan 4 dəfə çox vergi ödəyib.

Dövlət şirkəti sərnişinlərə 506 ədəd İVECO, Crealis, Neeoplan və Mercedes avtobusları ilə xidmət göstərir. Onların yanacaq, təmir və xidmət xərcləri bir ildə 3 milyon manatı keçib.

Dövlətin bitib-tükənməyən yardımları

Amerikanın Səsinin xəbərinə görə, hesabatda 2016-cı ildə dövlətin “BakuBus” MMC-yə yardımlarından da söz açılır. Onun xarici kreditorlar (Fransanın Societe Generale SA bankı) qarşısında borclarını dövlət ödəyir, infrastrukturun tikintisinə sərmayələri dövlət qoyur, əməliyyat zərərlərini də eyni mənbə bağlayır. Ötən il şirkətə dövlət yardımlarının ümumi məbləği 67 milyon manata yaxın olub.

Avtobusların alınmasından ötrü hökumət Fransa bankından 2014-2015-ci illərdə üç kredit xətti üzrə təxminən 130 milyon avro kredit götürüb. 2017-ci ilin yanvar ayının 1-nə banka 138,2 milyon manat borc var və o, 2021-ci ilin noyabr ayınadək tam ödənilməlidir.

Bir çox ölkələrdə, o cümlədən postsovet məkanında şəhər sərnişin nəqliyyatı dövlətdən dotasiya alır. Məsələn, rbc.ru-nun məlumatına görə, Moskvada yerüstü sərnişin daşımaları operatoru olan dövlətə məxsus “Mosqortrans” 2016-cı ildə 42,7 milyard rubl gəlir götürüb.

Amma avtobus, trolleybus və tramvay nəqliyyatı ilə xidmət göstərən bu şirkətin sərnişin daşımalarından zərəri 11,2 milyard rubldan çox olub. Şəhər bələdiyyəsi isə gediş haqqını daim qaldırsa da, onu daşıyıcıların rentabelliyi səviyyəsinə qaldırmır. Şəhər büdcəsindən daşıyıcılara, o cülmələn “Mosqortrans”a ayrılan dotasiya 2016-cı ildə 5 milyard rubl artaraq, 25 milyard rubla çatıb.

Bu ildə dotasiyanın artacağı gözlənilir. Səbəbsə şirkətlərin xərclərinin artımıdır. Moskva mediası yazır ki, yerli hakimiyyət tarifləri, ən azı, maya dəyəri səviyyəsinə ona görə qaldırmır ki, sosial partlayışdan ehtiyat edir.

Zərərlə işləyən təkcə Bakubus deyil

Azərbaycanda şəhər ictimai nəqliyyatında (avtobus və metro) gediş haqqını dövlət tənzimləyir. 2007-ci ilin yanvarından bəri tariflər dəytişməyib. Bakı şəhəri və digər yaşayış məntəqələrində baza tarifi 20 qəpikdir.

Bakıdan şəhərətrafı qəsəbələrə avtobusla gedən sərnişinlər isə məsafədən asılı olaraq 80 qəpiyədək gediş haqqı ödəyirlər. Əvvəllər keçmiş Nəqliyyat Nazirliyinin Tarif (qiymət) Şuirasında gediş haqlarına yenidən baxılacağı ilə bağlı mediada səsləndirdiyi açıqlamalara daha rast gəlinmir.

Bakıda “BakuBus” MMC-dən başqa özəl daşıyıcı şirkətlər də var. Onlar da ara-sıra maya dəyərinin yüksık olmasından gileynəlirdilər. Lakin dövlət yanlız «BakuBus» MMC-yə maliyyə yardımı edir. Şirkətin maliyyə hesabatında o da deyilir ki, bu yardımlar bundan sonra da dayandırılmayacaq.

Zərərlə işləyən təkcə BakuBus deyil. Elə metro, ölkədaxili dəmiryolu nəqliyyatında sərnişin daşımalarınından da dövlət şirkətləri zərərə düşür. Bakı metropolitenin zərəri dövlət büdcəsindən dotasiya hesabına, dəmir yolunda isə ADY-nin yük daşımalarından əldə olunan gəlirləri hesabına örtülür.

Ekspert: “Qiymət artımlarına psixoloji hazırlıq var”

Bəs Azərbaycanda şəhər ictimai nəqliyyatında gediş haqqı maya dəyəri səviyyəsinədək qaldırılsa, ictimai reaksiya necə olardı?

Son illərin qiymət artımlarının dərin ictimai rezonans yaratmadiğina diqqəti çəkən ekspert Nəsimi Məmmədlinin fikrincə, əhali sanki bu hallara uyğunlaşıb:

“Rəhbərlik etdiyim qeyri-hökumət təşkilatı (“Yayımların Monitorinq Mərkəzi” İB) indiyədək baş vermiş qiymət artımları zamanı əhalinin yanaşmasını müxtəlif parametrlər üzrə monitorinq edərək, reaksiyaları öyrənməyə çalışıb. Nəticə isə bundan ibarətdir ki, qiymətlərin uzun müddət sabit qalmayacağına və yüksəlmə ehtimalına psixoloji hazırlıq formalaşıb. Qiymətlərin bahalığı əhalinin gəlirlərinə mütənasib olmadığından, aztəminatlı insanların güzəranı daha da pisləşməyə doğru gedir. İnsanların çoxu ailə büdcəsini ən ciddi qənaət rejiminə keçirsə də, aylıq gəliri ilə minimum tələbatı güclə ödəyir. Azad həmkarlar təşkilatlarının olmaması, əhalinin kollektiv iradəsini ifadə edə bilən ictimai təşkilatların yoxluğu və müxalifətin sosial yönümlü etirazlarına əhalinin biganə qalması hökumətdə də müəyyən arxayınlıq doğurub”.

Nəqliyyatda gediş haqlarının artırılması perspektivini şərh edən ekspert əlavə edib ki, YMM-in apardığı sorğu və monitorinqlərin nəticələri əhalinin qiymət artımlarına etiraza meylli olmadığını göstərir.

“Bu səbəbdən istənilən qiymət artımlarına hələ müəyyən müddət əhalidən nəzərəçarpaçaq etirazlar olmayacaq. Çünki kütləvi şüurda belə bir sterotip yaranıb ki, qiymət artımlarına, sosial çətinliklərə, cəmiyyətdəki neqativ hallara yalnız müxalifət etiraz etməlidir”.

Məsələyə iqtisadçı baxışı da var. İqtisadçı Cəbrayıl Vəliyev hesab edir ki, xidmət sektorunda tənzimlənən qiymətlərdə zərər gətirən hallar varsa, tariflərə baxılması məsələsi əvvəl-axır gündəmə gələ bilər. “Amma bir çox sahələrdə olduğu kimi, bu məsələdə də bazar şərtlərindən daha çox, “siyasi direktivlər” rol oynayır».

Sərnişinlər isə deyir ki, onların aylıq büdcəsi qiymət artımına tab gətirməz. Tələbə olan Elnurənin sözlərinə görə, dotasiya ilə təkcə BakuBus işləmir. Aylıq stipendiyası nəqliyyat xərcini ödəmədiyi üçün o da valideynlərindən dotasiya alıb universitetə gediş haqqını ödəyir. “O zaman Türkiyədəki kimi tələbələr üçün nəqliyyatı pulsuz, yaxud endirimli etsinlər, ya da universitetin içində yataqxana tiksinlər, nəqliyyata pul xərcləməyək” deyir Elnurə.

Ülvi isə deyir ki, problem tək tələbələrin deyil. “150 manat maaş alan həkim və müəllimlərin maaşı tam olaraq nəqliyyata xərclənəcəksə, onlar neyləsin? Az maaşlı işlərə ümumiyyətlə razılıq verən olmayacaq”.

“BakuBus” MMC-nin mətbuat katibi Mansur Piriyev avtobusda gediş haqqının qaldırılması məsələsinin onların səlahiyyətinə aid olmadığını və Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə müraciət etməyi tövsiyə etdi. Bu qurumun sözçüsü Mais Ağayevsə deyib ki, hazırda BNA-da marşrut avtobuslarında gediş haqqının artırılması kmi bir məsələ müzakirə edilmir. Bununla bağlı daşıyıcı şirkətlərədən də müraciət daxil olmayıb.

 

Xəbər lenti