Borclanma ehtiyacını tənzimləyən mexanizm hazırlanacaq

654
Borclanma ehtiyacını tənzimləyən mexanizm hazırlanacaq

Azərbaycan Hesablama Palatası ölkədəki makroiqtisadi vəziyyəti nəzərə alaraq il ərzində alınacaq borcu, təxmin edilən büdcə kəsirini, təxmin edilən maliyyə aktivlərinin ilkin dəyərini və şərti öhdəlikləri özündə birləşdirən borclanma ehtiyacını mərhələli tənzimləyən mexanizmin hazırlanmasını tövsiyə edir.

Mynews.az xəbər verir ki, Hesablama Palatasının aparılmış təhlillər əsasında tövsiyələrində palata daxili borca xidmət xərclərinin faiz xərclərinə birbaşa təsir etdiyini nəzərə alaraq yenidən borclanma riskinin və mövcud vəziyyətin dəyişməsi üçün daxili borc portfelinin müddətinin uzadılmasının və dövlət qiymətli kağızlarının alqı-satqısı üçün ikinci dərəcəli bazarların təkmilləşdirilməsi irəli sürülür.

Bundan başqa, 2018-ci il dövlət büdcəsinin layihəsində bir sıra qurumlar tərəfindən dövlət zəmanəti ilə alınmış xarici kredit borclarının qaytarılması üçün nəzərdə tutulmuş vəsaitlərin dövlət büdcəsinin müvafiq bölməsində proqnozlaşdırılması da tövsiyələr arasındadır.

Palata xarici dövlət borcuna xidmət xərcində nəzərdə tutulmuş bir sıra dövlət müəssisələri əvəzinə ödəniləcək vəsaitin ilk növbədə ciddi nəzarət mexanizmi tətbiq etməklə Təminat Fondu vəsaitləri hesabına ödənilməsini, Fondun vəsaitinin kifayət etmədiyi təqdirdə isə büdcədən ayrılmış vəsaitin geri qaytarılması istiqamətində müvafiq tədbirlərin görülməsini tövsiyə edir.

Qeyd olunur ki, borclanma ehtiyacı və likvidlik göstəriciləri arasında qarşılıqlı əlaqə də diqqətdə saxlanılmalıdır. Dövlət borcu siyasətində maliyyə tənzimləyicilərinin, xüsusilə vergilərin təsiri mexanizmləri, dövlət zəmanətilə istehsal və xidmət sahələrinə ayrılan kreditlərin geri qaytarılmasında yarana biləcək və yaranan risklərin aradan qaldırılması istiqamətində alternativ ssenarilərin hazırlanması, inflyasiya və digər makroiqtisadi qeyri-tarazlığın dövlət borclarının idarə edilməsinə göstərə biləcək mənfi təsirlərinin nəzarətə alınması, xarici borc portfelində olan valyutaların ölkənin valyuta ehtiyatlarına və ixraca təsirinə görə formalaşması, borc yükü göstəriciləri üzrə risklərin dəyərləndirilməsi (bazar riskləri, borc dəyişmə riski, bazar likvidliyi, xarici və maliyyə həssaslığı) və s. bu kimi məsələlərin diqqətdə saxlanılması vacibdir.

Xatırladaq ki, 2017-ci il iyulun 1-nə dövlətin daxili borcu 798 mln. manat təşkil edib, bu da cari ilin əvvəli ilə müqayisədə 432,1 mln. manat və ya 35,1% azdır. Daxili dövlət borcu dövlət istiqrazlarından (xüsusi çəkisi - 55,5%), dövlət büdcəsindən xidmət edilən kreditlərdən (xüsusi çəkisi - 6,6%) və daxili dövlət borcu sayılan şərti öhdəliklərdən (xüsusi çəkisi - 37,9%) formalaşıb.

Xəbər lenti