Neftin qiymətinin 1 dollar dəyişməsi büdcəyə neçə milyon manata başa gəlir?

643
Neftin qiymətinin 1 dollar dəyişməsi büdcəyə neçə milyon manata başa gəlir?

"2018-ci ilin dövlət büdcəsinin neftdən asılılığının azaldılması çox ciddi məsələdir".

Mynews.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı millət vəkiliVahid Əhmədov deyib.

Onun sözlərinə görə, xarici amil kimi neftin qiyməti, daxili amil kimi bank sistemində yaranmış problemlər dövlət büdcəsinə təsir edir: "Dövlət büdcəsində neftin qiymətinin 45 dollardan götürülməsi təqdirəlayiq haldır. Amma yaddan çıxarmaq olmaz ki, dünyada baş verən siyasi proseslərin fonunda neftin qiyməti hər an dəyişə bilər. Neftin qiymətinin 1 dollar dəyişməsi dövlət büdcəsinə 13 milyon manata başa gəlir. Bundan başqa, neftin qiymətinin manatın məzənnəsinə təsirini də nəzərə almaq lazımdır. Bundan başqa, 2017-ci ildə biz Dövlət Neft Fondundan cəmi 6,1 milyard manat transfert etmişdiksə, 2018-ci ildə 9,2 milyard manat transfert nəzərdə tutulub. Bu da böyük rəqəmdir. Bununla bağlı düşünməyə dəyər.

Neft sektorundan daxilolmalar qeyri-neft sektorunu 40% üstələyir. Yəni, 11 milyard manata yaxın neft sektorundan daxilolmalar təşkil edir. Düzdür, 2018-ci il və sonrakı illər üçün qeyri-neft sektorunun inkişafı prioritet sahə kimi nəzərdə tutulub. Azərbaycanda sənaye parkları, sənaye məhəllələri yaradılır, digər sahələrdə işlər görülür. Amma rəqəmlər məyusedicidir. ÜDM-ə nəzər salanda neft sektorundan daxilolmalar 70%, qeyri-neft sektorundan daxilolmalar cəmi 30% təşkil edir. Yəni, bu məsələlərin üzərində işləməyə dəyər”.

Millət vəkili dövlət borcu ilə bağlı məsələyə də toxunub və bildirib ki, ölkənin dövlət borcu dünya praktikasında qəbul olunmuş göstəricidən aşağıdır: "Azərbaycanda dövlət borcu ÜDM-in 18%-nə yaxındır. Amma Avropanın bəzi ölkələrində bu, ÜMD-in 80%-nə, bəzi ölkələrdə ÜDM-in 100%-nə yaxındır. Amma dövlət zəmanəti ilə verilən kreditlərin strukturuna baxmaq lazımdır. Bu kreditlərin vaxtında qaytarılması məsələsi öz həllini tapmalıdır"

Xəbər lenti