“Azərbaycanda ehtiyac meyarının məbləği artırılmalıdır”.
Mynews.az xəbər verir ki, "APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edildiyini deyən komitə sədri bu məbləğin artırılmasının zəruri olduğunu qeyd edib: “Ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib. Ötən il də bu məbləğ 116 manat idi. Maliyyə Nazirliyi bu məbləğin artırılmasını təmin etsə, yaxşı olar. Çünki ünvanlı sosial yardımın təmin edilməsində ehtiyac meyarı əsas götürülüb”.
Komitə sədri əlavə edib ki, 2018-ci il üçün yaşayış minimumunun məbləğinin dəyişdirilməsinə isə ehtiyac yoxdur.
Qeyd edək ki, büdcə zərfində 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat müəyyən edilib.