Azərbaycan Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişi üzrə öhdəliyini oktyabr ayında da yerinə yetirib.
Mynews.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, Energetika Nazirliyi Azərbaycanın cari ilin oktyabr ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Həmin məlumatlara əsasən, cari ilin oktyabr ayında ölkədə gündəlik neft hasilatı 800,6 min barel olub. Bunun 746,8 min barelini xam neft, 53,8 min barelini kondensat təşkil edib. Gündəlik 628 min barel xam neft, 53,8 min barel kondensat, 24,3 min barel isə neft məhsulları ixrac edilib.
Qeyd edək ki, Azərbaycanda gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barel, fevralda 776,4 min barel, martda 733,3 min barel, apreldə 781,1 min barel, mayda 785,3 min barel, iyunda 793,7 min barel, iyulda 796,7 min barel, avqustda 734,8 min barel, sentyabrda isə 785,7 min barel olub.
OPEC tərəfindən Azərbaycan dəfələrlə saziş imzalanan vaxtdan indiyə qədər iştirakçılar arasında öhdəliklərini fəal icra edən və liderlik göstərən ölkə kimi qiymətləndirilib.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq, 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC və qeyri-OPEC dövlətləri arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin I rübün sonunadək uzadılması barədə razılıq əldə olunub.