Qlobal bazarda aparacı kriptovalyuta sayılan "Bitcoin"in qiyməti 7,8 min ABŞ dolları həddini keçib.
Mynews.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov kriptovalyuta bazarını şərh edib. Ekspert bildirib ki, "Bitcoin"də pul saxlayan vətəndaş yığım etməklə, həm də gəlir qazana bilir. Bir müddət əvvələ qədər "Bitcoin"in qiyməti 4 min dollar idi. Hazırda isə 8 min dollar həddinə yaxınlaşmaq üzrədir. Beynəlxalq Valyuta Fondu və digər qurumlar mərkəzləşmiş valyuta olduğuna görə, "Bitcoin"in müəyyən riskləri olduğunu etiraf edirlər. Hazırda valyutaya tələb yüksək olduğu üçün qiymətlərin artmasına gətirib-çıxarır. Baxmayaraq ki, bir sıra beynəlxalq agentliklər "Bitcoin"in qiyməti 8 min dolları keçdikdən sonra risk səviyyəsinin yüksələcəyini bildirirlər. Buna rəğmən "Bitcoin"in qiymətində artımlar davam edir. Onun ümumi kapitalizasiya dövriyyəsi 200 milyon dollardan çoxdur”.
Ekspert bildirib ki, kriptovalyutanın Azərbaycanda istifadəsinə hər hansı qadağa yoxdur: “Bu pulu əldə etmək istəyənlər "Bitcoin"in internet səhifəsinə daxil olub özləri üçün pulqabı yarada bilərlər. Həmin pulqabı vasitəsilə bitkoin sifariş etmək mümkündür. Eyni zamanda, qeydiyyatdan keçdikdən sonra yaşadığınız şəhərdə kimlərin "Bitcoin" satışa çıxardığını da izləyə bilərsiniz. "Bitcoin"dən kredit kartı kimi istifadə etmək, virtual ödənişlər etmək, bilet almaq, internet üzərindən hər hansısa sifariş həyata keçirmək mümkündür. Əslində, ən sadə ödəmə vasitəsidir. Həmçinin, "Bitcoin"in yığım funksiyası da var. Burada yığılan vəsaiti qiymət artımları baş verdiyi halda sonradan daha yüksək dəyər ilə nağdlaşdırmaq mümkündür. Göründüyü kimi, bitkoin ilk baxışdan cəlbedicidir.
Azərbaycanda vəsaitin "Bitcoin"də saxlanması üçün hər hansı qadağalar yoxdur. Bu kriptovalyuta virtual pul olduğu üçün tənzimlənməsi doğru deyil. "Bitcoin"in qiyməti artmaqda davam edəcəksə, Azərbaycanda da marağın yüksələcəyini müşahidə edəcəyik. Bir qayda olaraq, bitkoin həm də yığım vasitəsidir. "Bitcoin" investisiya edənlər praktik olaraq gəlir əldə etmək imkanı qazanır. Amma bütün hallarda risk var. Bunun üçün də riskləri göz önündə tutaraq qərarlar alınmasına ehtiyac duyulur”.