Bu gün Bakıda Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") üzvlərinin SOCAR və BP-nin yüksək vəzifəli rəsmilərinin fəaliyyətini səciyyələndirən Azərbaycanın neft strategiyasına həsr olunan işgüzar naharı keçirilib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qary Cons Azərbaycanda 2 mlrd. ton neftin hasil olunmasını ölkə tarixində mühüm hadisə və şanlı səhifə adlandırıb. "BP artıq 25 ildir ki, Azərbaycanda təhlükəsiz və səmərəli şəkildə fəaliyyət göstərir. Biz burada çox uğurlu və etibarlı tərəfdaşlıq qurmağımızla qürur duyuruq. Bu gün həmin tərəfdaşlığın irəli apardığı tərəqqi və inkişaf möhtəşəm səviyyəyə gəlib çatıb. Bu yaxında biz Azərbaycan tərəfi ilə əsas müqaviləni 2050-ci ilə qədər uzadaraq tərəfdaşlıq münasibətlərimizdə yeni bir səhifə açdıq", - deyə Q.Cons vurğulayıb.
Daha sonra SOCAR prezidenti Rövnəq Abdullayev çıxış edib. O, SOCAR-ın yerli müəssisədən transmilli şirkətə çevrilməsi barədə danışıb və rəhbərlik etdiyi qurumun xarici şirkətlər ilə əlaqələrinə toxunub. R.Abdullayev qeyd edib ki, Azərbaycanın milli gəlirlərinin artırılması istiqamətində SOCAR öz investisiya siyasətini şaxələndirib: "Neft qiymətləri yüksək olduğuna görə neft və qaz hasilatına iri həcmli investisiyalar qoyulub. Bununla belə, SOCAR tamamilə əks mövqe tutaraq neft emalı və kimya məhsullarının istehsalına iri həcmli investisiyalar qoymaqla bərabər, öz aktivlərini şaxələndirmək qərarına gəldi. Neft qiymətləri düşən zaman biz bu qərarın sağlam məntiqə əsaslandığına daha çox əmin olduq. Biz xam neft ticarəti ilə müqayisədə kimya məhsullarının qiymətlərində daha az qiymət dəyişmələrinin şahidi olduq. Nəticə etibarilə, biz ötən illərdə neft emalı və kimya məhsullarından əvvəlki illərlə müqayisədə hətta daha böyük gəlir əldə etdik. Beləliklə, biz ölkəmizin sərvətinin artırılmasına töhfə vermək məqsədilə bütün dünyada müxtəlif ölkələrə investisiya qoymağa davam edəcəyik."
Qeyd edək ki, tədbirə diplomatik korpusun nümayəndələri də daxil olmaqla 200-dən çox iştirakçı qatılıb.
Xatırladaq ki, "AmCham"ın təşəbbüsü olan və hər ay təşkil olunan işgüzar naharda yüksək vəzifəli hökumət rəsmiləri, Milli Məclis üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.
"AmCham" Azərbaycanda xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl. qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış "AmCham" Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan 280-dən çox daimi və müxbir üzvdən ibarətdir. "AmCham" Azərbaycan ölkədə xarici investisiyaların təxminən 80%-ini, eləcə də yerli investisiyaların mühüm bir hissəsini təmsil edir.