İranlı nazir: OPEC ölkələrinin əksəriyyəti neft hasilatının azaldılmasını dəstəkləyir

612
İranlı nazir: OPEC ölkələrinin əksəriyyəti neft hasilatının azaldılmasını dəstəkləyir

“OPEC-ə üzv olan ölkələrin, demək olar ki, əksəriyyəti neft hasilatının azaldılması ilə bağlı sazişin müddətinin uzadılmasını dəstəkləyir”.

Mynews.az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Bijan Namdar Zengani bildirib.

“Təkliflərin böyük hissəsi sazişin uzadılması ilə bağlıdır. Ancaq yekun qərar OPEC ölkələrinin növbəti iclasında qəbul ediləcək”, - deyə nazir bildirib.

Qeyd edək ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb.

25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılıq əldə olunub.

Xatırladaq ki, Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişi üzrə öhdəliyini oktyabr ayında da yerinə yetirib. Energetika Nazirliyi Azərbaycanın oktyabr ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Həmin məlumatlara əsasən, bu ilin oktyabr  ayında respublika üzrə gündəlik neft hasilatı  800,6 min barel olub. Bunun 746,8 min barelini xam neft, 53,8 min barelini kondensat təşkil edib. Gündəlik 628 min barel xam neft, 53,8 min barel kondensat, 24,3 min barel isə neft məhsulları ixrac edilib.

Respublika üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barel, fevralda 776,4 min barel, martda 733,3 min barel, apreldə 781,1 min barel, mayda 785,3 min barel, iyunda 793,7 min barel, iyulda 796,7 min barel, avqustda  734,8 min barrel , sentyabrda isə 785,7 min barel olub.

OPEC tərəfindən Azərbaycan dəfələrlə saziş imzalanan vaxtdan indiyə qədər iştirakçılar arasında öhdəliklərini fəal icra edən və liderlik göstərən ölkə kimi qiymətləndirilib.

Xəbər lenti