Bitkoinə pul yatırmaq nə dərəcədə risksizdir? Kriptovalyuta almaq istəyənlər oxusun

695
Bitkoinə pul yatırmaq nə dərəcədə risksizdir? Kriptovalyuta almaq istəyənlər oxusun

Kriptovalyutaların ümumi bazar dəyəri 600 milyar dolları ötüb. Bir gündə qlobal valyuta bazarlarında əməliyyatın həcmi isə təxminən 5 trilyon dollara çatıb.

Mynews.az xəbər verir ki, bitkoin bu il 1885 faiz dəyər qazanıb. Bununla da bütün investisiya alətlərini geridə qoyub.

Vəziyyət o səviyyədədir ki, kriptovalyuta bazarında baş verə biləcək hər hansı problemin beynəlxalq böhrana yol açıb-açmayacağına dair suallar gündəmə gəlib. Düzdür, bəzi ekspertlər yaxın gələcəkdə belə bir böhranı təkzib edirlər. Onların fikrincə, bitkoinin bazar dəyəri nəzərə alınsa, bu, kriptovalyuta digər investisiya alətləri ilə müqayisədə “köpükcükdür”.

Qızılda bu rəqəm 8 trilyon dollar, qlobal istiqraz bazarı üzrə isə 63 trilyon dollardır.

Dünya birjalarının həcmi 80 trilyon, daşınmaz əmlak bazarı sektorunun həcmi 217 trilyon dollardır. Kriptovalyutaların bazar kapitalizasiyası isə hələlik 600 milyard dollardır. Bitkoinin bazar dəyəri 318 milyard dollar təşkil edir. Proqnozlara görə, kriptovalyutaların bazar kapitalizasiyası 5 trilyon dollara qədər yüksələcək. 

Vəziyyəti şərh edən iqtisadçı-ekspert Qubad İbadoğlu Oxu.Az-a açıqlamasında bildirdi ki, bitkoin spekulyativdir, amma gəlirli investisiyadır: "Bitkoinlə əməliyyatların riski yüksəkdir. Çünki fundamental əsası yoxdur. Hazırkı qiyməti kövrəkdir. Yəni hələ bazar dəyəri tam formalaşmayıb".

Ekspertin sözlərinə görə, bitkoinə qısamüddətli yatırım etmək olar, amma bunun riski böyükdür.

O ki qaldı bitkoinin dollar və avro kimi kağız valyutaları bazardan sıxışdırıb çıxaracağına dair proqnozlara Q.İbadoğlu "hələ tezdir" deyə cavab verdi: "Bitkoinlərə daha çox fərdi investisiyalar, şəxsi pullar yatırılır. Hələ ciddi investor bu kriptovalyutaya sərmayə qoymayıb. Rusiya maraqlanır, çünki sanksiyalara görə bank hesablaşmalarında alternativ axtarırlar".

Bitkoinə pul yatırıb, uduzmamaq üçün isə ekspert bunları dedi: "Kiçik məbləğlərlə oynamaq olar, amma çevik olmaq lazımdır. İtirməmək üçün vaxtında qərar verilməlidir". 

 

 

Xəbər lenti