Bir neçə aydır ki, mediada “Nikoyl Bank”ın səhmdarı olan, Rusiyanın “LUKoyl” neft şirkətinin prezidenti, azərbaycanlı Vahid Ələkbərovun “Access Bankı” almaq istədiyi ilə bağlı məlumatlar yayılır. Məlumata görə, bununla bağlı V.Ələkbərov Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib və “AccessBank”ın qiymətləndirilməsi ilə bağlı tərəflər arasında danışıqlar gedir.
Qeyd edək ki, “Accessbank”ın nizamnamə kapitalı 140,25 milyon manat təşkil edir. Bu, 100% xarici kapitaldan ibarət olub, 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Onun səhmdarları Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems alman şirkəti və AcessHolding-dir.
Bəs görəsən, Vahid Ələkbərovun “Accessbank”ı alması ilə bağlı məlumatlar nə dərəcədə düzdür? Ümumiyyətlə, Rusiyanın Azərbaycan bank sektorunda mövcudluğu, bəzi bankları alması bu sahəyə necə təsir edəcək? Bank sektorunun hazırkı durumunda bu xarici kapital müsbət rol oynayacaqmı?
“Yeni Müsavat”ın suallarını cavablandıran bank sektoru üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov bu prosesi müsbət dəyərləndirdi: “”Accessbank"ın “Nikoyl Bank”a birləşəcəyi haqda söhbətlər çoxdan gəzir. Böyük ehtimalla belə də olacaq. “Accessbank”ın investorları Qərbdən, “Nikoyl Bank”ın sahibi isə Rusiyadandır. Qərb investorları üçün yerli bazar əvvəlki kimi maraqlı deyil. Çünki əvvəlki kimi yüksək gəlir götürmək mümkün deyil. Risklər isə çoxdur. Rusiyalı investor üçün isə yerli bazar daha yaxındır. Əlbəttə, Rusiyada Azərbaycandakı qədər özbaşınalıq və dərəbəylik (o cümlədən bank və məhkəmə sistemlərində) yoxdur. Amma yenə də oxşarlıq çoxdur. Həm də Vahid Ələkbərov azərbaycanlıdır, yerli şəraitimizə bələddir. Əgər bu xəbər doğrudursa, bu, hamının xeyrinədir. Bank sistemini və cəmiyyətimiz üçün yaxşı olanı odur ki, hansısa bank bağlanmır, əksinə, bankların konsolidasiyası baş verir, deməli, dövlətin üzərində yük olmayacaq. “Accessbank”ın səhmdarları üçün yaxşı olanı odur ki, qoyduqları sərmayəni götürüb başlarını problemdən qurtaracaqlar. “Nikoyl Bank” isə sistemli və yaxşı idarə olunmuş bankı əldə edəcək".
Ekspert vurğuladı ki, hər iki bankın xeyli problemli krediti var: “Amma bu problemin yaranma səbəbi fərqlidir. ”Accessbank", sadəcə, mövcud iqtisadi konyunkturanın qurbanıdır. İqtisadi böhran şəraitində kreditlərini ödəmirlər. Amma həmin kreditlər əsasən sağlam əsaslarla verilib və yaxşı girovları var. Odur ki, gələcəkdə xeyli hissəsini qaytarmaq olacaq. İki bankın portfeli birləşsə, ortalığa normal bank qoymaq olar. Bu şərtlə ki, bankı normal komanda idarə etsin. Bu, artıq Vahid Ələkbərovun problemidir. Təcrübəli və savadlı adamdır, yəqin ki, onu həll edə bilər. O ki qaldı Rusiyanın bizim bankları almasına, hər bir halda iki Rusiya bankı (VTB və Nikoyl) orta səviyyəli banklardır və sektora təsirləri azdır. "Accessbank"ın alınması da yalnız bazarda qalmağa xidmət edir, onların ciddi şəkildə güclənməsindən söhbət gedə bilməz. Əksinə, ölkəmizə pul yatırırlar. Qoy yatırsınlar. Buna indi ehtiyacımız var".
Sabiq maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifov da prosesi normal dəyərləndirdi: “Bu addım bank sistemimizin güclənməsinə kömək edə bilər. Çünki Vahid Ələkbərov Rusiyada ən varlı adamlardan biridir. Onun nəzarətində olan bank hər baxımdan normal fəaliyyət göstərəcək. Azərbaycanda bu gün belə bankların olmasına çox böyük ehtiyac var. O baxımdan əgər belə bir proses baş verəcəksə, mən onu normal qiymətləndirirəm. Hazırda bizə xarici kapitalın, xarici bankların iştirakı ilə güclü banklar yaratmaq lazımdır. Çünki iqtisadiyyatın əsas mənbələrindən biri bank kreditləridir, bu bütün dünyanın keçdiyi bir yoldur. Bizim banklar faktiki olaraq iqtisadiyyata kredit vermirlər. Qısamüddətli istehlak kreditləri vermək heç də məsələnin həlli, iqtisadiyyatı kreditləşdirmək demək deyil. Bu, sadəcə olaraq, insanların cari ehtiyaclarını ödəməyə yönəlir. Ancaq bizə lazımdır ki, bu gün neft sektorunun qeyri-neft sektoruna transformasiya olduğu bir dövrdə, bu qədər ciddi sənədlərin qəbul olduğu bir dövrdə güclü bank sektorumuz olsun. Bu banklar iş damlarına kreditlər verib bu sahədə maliyyələşmənin həyata keçirilməsinə kömək edə bilsinlər. Bu mənada güclü bankların və ya iş adamlarının Azərbaycanın bank sektoruna gəlməsinin və bankları inkişaf etdirməsinin tərəfdarıyam”.