SOCAR-dan qanunsuzluqlarla bağlı iddialara münasibət

641
SOCAR-dan qanunsuzluqlarla bağlı iddialara münasibət

SOCAR Kompleks Qazma İşləri Trestində qanunsuzluqlarla bağlı iddialara münasibət bildirib.

Mynews.az xəbər verir ki, SOCAR-dan bildiriblər ki, şirkətdə korporativ standartlardan kənarlaşma ehtimalı olan struktur çərçivələri və davranışlarla bağlı daimi araşdırmalar aparılır, şirkətin nüfuz və mənafeyinə ziyan vura bilən özbaşınalıq və qayda pozuntuları haqqında alınmış bütün siqnallar ciddi şəkildə yoxlanılır: "Məhz bu səbəbdəndir ki, hələ 2012-ci ildə, şirkətin müasir korporativ fəaliyyət tərzinə keçid prosesinin bir hissəsi olaraq, SOCAR-ın daxili antikorrupsiya siyasəti qəbul olunub və onun həyata keçirilməsi üçün Risklərin İdarəedilmə Komitəsi yaradılıb, nüfuzlu beynəlxalq məsləhətçi şirkətlərin cəlb edilməsi ilə praktiki mexanizmlər müəyyən edilib. Bu tədbirlər çərçivəsində şirkət üzrə vahid "qaynar xətt" yaradılıb. SOCAR-ın rəsmi veb-saytı, e-poçt və digər əlaqə vasitələri ilə əməkdaşlar, eləcə də başqa maraqlı şəxslər müşahidə etdikləri qanunsuzluq, korrupsiya və buna bənzər hallarla bağlı anonim və ya açıq formada məlumatlarını araşdırılması üçün göndərə bilirlər və daxil olan müraciətlər yaradılmış xüsusi komissiya tərəfindən araşdırılır".

Qeyd olunub ki, Trestdə işə qəbul prosesi ilə bağlı yayılan məlumatlar müvafiq yoxlama zamanı şirkət daxilində araşdırılıb, yekun nəticələr əldə edilib: "Bununla bağlı bildiririk ki, 2017-ci il ərzində Kompleks Qazma İşləri Trestində Əmək Məcəllləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən (işçilərin sayı və ştatların ixtisarı ilə əlaqədar olaraq), qeyd edilənlərdən fərqli olaraq, yalnız iki nəfər işdən azad edilib. Onlardan biri səhhətində problem olduğu üçün əməkhaqqının 5 misli məbləğində müavinət alaraq əmək müqaviləsinə xitam verilməsini özü istəyib. Digəri - Arif Qəmbərov isə ştat ixtisarı ilə əlaqədar ona təklif olunan müxtəlif vəzifələrdən imtina edib, Trest qarşısında qanunsuz şərtlər irəli sürüb, ona edilən təkliflərdən bir neçə dəfə imtina etdiyi üçün onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin tələblərinə ciddi əməl olunmaqla ləğv edilib. Həmin şəxsin müvafiq məhkəməyə təqdim etdiyi iddia da qanunsuz olduğu üçün rədd edilib".

SOCAR-dan Trestdə əməliyyat xərclərinin şişirdilməsi iddiasına da münasibət bildirilib: "Həmin iddia da artıq araşdırılıb. 1533, 1535, 1779, 37 saylı quyularla bağlı qeyd olunan məqamlar qarışıqdır və həqiqəti əks etdirmir. Belə ki, 1533 saylı quyu 05.05.2008-ci il tarixdə, 1535 saylı quyu 28.12.2007-ci il tarixdə, 37 saylı quyu 04.03.2008-ci il tarixdə, 1779 saylı quyu isə hətta Trest yaranmamışdan xeylı əvvəl istismara təhvil verilib. Beləliklə, aparılmış araşdırmalardan məlum olub ki, bu iddiaların bir qismi ümumiyyətlə, trestin fəaliyyət dövrünə belə, aid edilə bilməz. Quyular təhvil verildikdən sonra dəfələrlə audit yoxlamalarından keçib və bu yoxlamalar nəticəsində görülmüş işlərin səmərəsi ilə bağlı heç bir şübhə yaranmayıb".

Qeyd edilib ki, 2011-ci ildən etibarən SOCAR-da işə qəbul, yerdəyişmə, karyera yüksəlişi həmin il yaradılmış İnsan Resursları Departamenti tərəfindən tam şəffaf, obyektiv şəkildə, müsabiqə əsasında, mərkəzləşmiş qaydada həyata keçirilir: "Trestdə işləyən əməkdaşların səriştəliklərinə dair, o cümlədən Trest rəhbərinin müşaviri ilə bağlı peşəkarlıq baxımından uyğunsuzluq iddiaları həmin departamentdə araşdırılıb, bu iddiaların da həqiqətəuyğun olmadığı aşkar edilib. Azərbaycan Neft və Sənaye İnstitutunu bitirmiş Ədalət İmaməliyev uzun illər qazma sahəsində rəhbər vəzifələrdə çalışıb və "Əməkdar Mühəndis" fəxri adına layiq görülüb".

Bildirilib ki, bəzən şəxsi zəmində həmkarlarından razı olmayan şəxslər öz mənafeləri üçün şirkətin korporativ mənafeyini bəhanə gətirir, "qaynar xətt"ə əsassız ittihamlar göndərirlər: "Buna baxmayaraq, şirkətin korportaiv mənafeyini mütləq dəyər kimi əsas tutaraq, Risklərin İdarəedilməsi Komitəsi "qaynar xətt" vasitəsilə daxil olan bütün şikayət, irad və təklifləri bundan sonra da ciddi şəkildə araşdırmaqda davam edəcək, tutarlı dəlillərlə əsaslandırılan bütün ittihamlarla bağlı müvafiq tədbirlər görüləcək".

Xəbər lenti