Fevral ayının təqaüdlərinin ödənişi zamanı pensiyaların yanvar və fevral aylarındakı artımlarla birlikdə ödənilməsi nəzərdə tutulur.
Mynews.az-a bu barədə Əmək və və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlum olub ki, Dövlət Statistika Komitəsinin 2017-ci il üçün ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım göstəricisi barədə təqdim edəcəyi məlumat əsasında əmək pensiyalarının cari il yanvarın 1-dən həmin məbləğdə artırılması həyata keçiriləcək:
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş və 2017-ci il iyulun 1-dən tətbiqinə başlanılan dəyişikliklərə əsasən, əmək pensiyalarında “baza hissəsi” və “sığorta hissəsi” anlayışları aradan qalxıb. Ona görə də əvvəlki illərdən fərqli olaraq, əmək pensiyalarının yalnız sığorta hissəsinin deyil, artıq bütün məbləğinin ölkə üzrə əməkhaqlarının əvvəlki ilin artım faizinə uyğun indeksləşdirilərək artırılması təmin olunacaq. Bu dəyişiklik ilk növbədə pensiyasının məbləği aşağı olanlar üçün xüsusilə məqsədəuyğundur. Məsələn, 200 manat pensiya məbləği əvvəllər 110 manat baza hissəsindən və 90 manat sığorta hissəsindən ibarət idi və indeksasiya yalnız sığorta hissəsinə tətbiq olunurdu, deməli, 12,9%-lik inflyasiyaya görə artım cəmi 11,61 manat (200-110)x12,9% edəcəkdi.
Yeni qaydalara görə isə bütün məbləğə (yəni 200 manata) orta aylıq əməkhaqqının artım sürəti, yəni 6,4%-lik artım tətbiq olunur və nəticədə pensiya 200x 6,4%=12,8 manat artır. Göründüyü kimi, hətta inflyasiyanın tempinin orta aylıq əməkhaqqının artım tempindən iki dəfə çox olduğu şəraitdə belə yeni qayda aşağı məbləğdə (215 manatdan az) pensiya alanlar üçün effektivdir”.