Benzinin aksiz vergisinin qalxması qiymətlərə necə təsir edəcək?

692
Benzinin aksiz vergisinin qalxması qiymətlərə necə təsir edəcək?

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib. 

Mynews.az xəbər verir ki, qərara əsasən, aviasiya benzin növləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılıb.

Tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 1 manat aksiz dərəcəsi də 200 manata qaldırılıb. Tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 80 manat, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan, 98 və ya çox oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 120 manat aksiz dərəcəsi qüvvədə qalıb. Aviasiya benzini və reaktiv benzin yanacağına tətbiq edilən aksiz dərəcələri dəyişməyib.

Maraqlıdır, Nazirlər Kabinetinin bu qərarı benzinin qiymətinə təsir edəcəkmi?

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, iyul ayında aksiz vergisi minimum həddə endirilmişdi:

“O zaman Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana gətirilən mühərrik benzinləri (aviasiya benzinləri istisna olmaqla), tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan 95-dən az oktan ədədi ilə mühərrik benzinləri, o cümlədən 92 oktan ədədi ilə benzinlər  idxal rüsumundan azad edilmişdi. Eləcə də, Azərbaycan ərazisinə gətirilən bu benzinlərə tətbiq edilən aksiz dərəcələri 1 ton üçün 200 manatdan 1 manata endirilmişdi. Bildirilirdi ki, hər iki qərar dərc edildiyi gündən qüvvəyə minir və 90 gün müddətində qüvvədədir”.

İ.Şaban deyir ki, iyul ayında aksiz dərəcələrinin endirilməsi Heydər Əliyev adına Neftayırma zavodunda aparılan cari təmir, yenidənqurma işləri ilə bağlı idi:

“Oktyabr ayından zavod işə düşdü. Ölkə ərazisində istehsal olduğu halda, sahibkarların hökumətin qərarından istifadə edib həmin məhsulu xaricdən gətirməməsi üçün qərarın qüvvədə olma müddəti də noyabrda bitməli idi. Doğrusu, mən Gömrük Komitəsinin hesabatında noyabr-dekabr ayları üzrə aşağı oktanlı benzin idxalı ilə bağlı rəqəmlərə rast gəlmədim. Lakin mənə aydın deyil ki, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsinin bərpa olunması niyə 2018-ci ilin yanvarında qüvvəyə minib. Heydər Əliyev adına zavod artıq 2017-ci ilin oktyabrdan bu məhsulun istehsalına başlayıb. Aradakı üç ay ərzində Nazirlər Kabineti nə edirdi? Noyabr ayının 1-dən 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılmalı idi”. 

İ.Şaban deyir ki, qərarın bazara təsiri olmayacaq:

“Azərbaycan 92 markalı benzinə olan tələbatını yerli istehsal hesabına ödəyir. Biz xaricdən 95-98 markalı benzini idxal edirik. Onun da qiyməti bazarda mütəmadi artıma doğru dəyişir. Neftin bazar qiymətinin ucuzlaşdığı zaman qonşu ölkələrdə 95-98 markalı benzinin də qiyməti düşür, bizdə əksi baş verir”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirir ki, yeni qərar 95-dən az oktan ədədi olan benzinə tətbiq edildiyindən bu, Azərbaycana idxal edilən yüksək oktanlı benzinlərin xərcinə təsir göstərməyəcək:

“Həmin benzinlərə tətbiq edilən aksiz dərəcələri dəyişdirilməyib. Eyni zamanda, daxili bazarda 95-dən az oktan ədədi olan benzin Aİ-92 markalı benzindir. Həmin benzin isə yerli istehsal olduğundan son qərar sözügedən benzinə də təsir göstərmir”.

V.Bayramov  hesab edir ki, əgər yaxın zamanlarda qiymət artımı baş versə, bunun iqtisadi əsası olmayacaq:

“Sadəcə, iyulda dərəcələrin aşağı salınması yenidənqurma işləri ilə bağlı olaraq daxili benzin istehsalının azalması ilə əlaqədar idi. İndi isə istehsal daxili tələbi ödədiyi üçün idxal aksiz dərəcələri tənzimlənən benzinin xərcinə təsir göstərmir. Bu baxımdan, Nazirlər Kabinetinin son qərarı daxili bazarda satılan benzin növlərinin qiymətinin artırılması üçün zəmin formalaşdırmır. Bununla yanaşı, əgər qiymət artımları baş verəcəksə, belə artımların iqtisadi əsası olmayacaq”.

Xəbər lenti