Yolçu Xanvəli: “Oğurluqla baş verən hallara biz necə nəzarət edə bilərik?”
Ət bazarında virus təhlükəsi yaşandığı iddia olunur.Əsasən xaricdən gətirilən heyvanların ət bazarı üçün təhlükəli olduğu bildirilir.Bəzi mənbələrə əsasən saxta sənədlərlə ölkəmizə vərəm viruslu mal-qaralar gətirilir ki, bu virus insan orqanizminə həddindən artıq təhlükə saçır.Əsasən Gürcüstandan ölkəyə gətirilən heyvanlarda vərəm virusunun aşkarlandığı ehtimal olunur.Eyni zamanda digər ölkələrdən də xəstə heyvanların gətirilməsi mümkündür.
Gürcüstanın Saqareco rayonunun Baytarlıq İdarəsinin inspektoru Nono Buzariaşvilinin verdiyi məlumata görə, Respublika Baytarlıq Laboratoriyasında fəaliyyət göstərən Bakteriologiya və ekspress-diaqnostika şöbəsi tək bruselyozu analiz edir.Yəni, vərəm virusu həmin ölkədə analiz edilmir, bu haqda sənəd və sertifikat vermirlər.Ekspertlər bildirir ki, bu sahə tamamilə başlı-başına buraxılıb.Yəni Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkəyə gətirilən heyvanlar arasında bruselyozla əlaqədar yoxlamalar aparsalar da, vərəm virusu ilə əlaqədar müayinələr həyata keçirilmir. Bu günlərdə Dadaş Şükürov adlı iş adamının Qırmızı Körpü sərhəd keçid məntəqəsindən saxta sənədlə kifayət qədər vərəm viruslu mal-qara keçirib.
Qeyd edək ki, hazırda iri və xırda buynuzlu heyvanlar arasında ən geniş yayılmış xəstəlik bruselyozdur.Daha sonra vərəm, dabaq, qarayara, son zamanlar isə nodulyar dermatit xəstəliyi fərqli formalarda yayılıb.Vərəm tək ağciyərləri deyil, insanın, demək olar, bütün orqanlarını zədələyə bilir (sümükləri, oynaqları, limfatik düyünləri, gözləri, dərini, cinsiyyət və sidik-ifrazatı orqanlarını, yoğun bağırsağı və s.).
Vərəm virusu ən çox keçmiş SSRİ ərazisində yayılıb və Azərbaycan bu sırada birincidir.Bu barədə Dünya Səhiyyə Təşkilatının məlumatında bildirilir. Təşkilat Azərbaycanda vərəmin yayılma səviyyəsinin 22,3% təşkil etdiyini açıqlayıb. Qeyd edək ki, hər il dünyada 490 min insan vərəm virusuna yoluxur və onlardan təxminən 110 mini dünyasını dəyişir.
Azərbaycan tərəfi isə iribuynuzlu mal-qaranın respublikamıza idxal edilməsi üçün hər iki xəstəliyin olub-olmaması barədə sertifikat tələb edir.Bəzən heyvanların xəstə olduğunu bilə-bilə onları, yaxud kəsərək ətlərini satanlar da var. Üstəlik, bayramlar ərəfəsində, daha çox da Qurban bayramı ərəfəsində paytaxta gətirilərək satılan heyvanlar da çoxdur.Hal-hazırda bu xəstəlik uğurla və tam müalicə olunur. Lakin buna baxmayaraq hər il bütün dünyada bu xəstəliyə tutulan və bu xəstəlikdən həlak olan insanların sayı da artır...
Vərəm infeksiyasına hər bir insan yoluxa bilər.Məhz bu səbəbdən hər bir insan bu xəstəliyin erkən simptomlarını və onun profilaktik üsullarını bilməlidir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, xaricdən ölkəyə gətirilən bütün heyvanlar laboratoriya müyainəsindən keçirilir: “Dadaş Şükürovla bağlı məsələni araşdırdıq. Bu şəxs saxta sənədlə deyil, tam bizim icazəmiz əsasında ölkəyə ət gətirib.Gürcüstanın Baytarlıq İdarəsinin zəmanəti əsasında heyvanların sağlam olması barədə sənəd əsasında heyvanları gətirib.Heyvanlar gətirildikdən sonra qarantin müddətində saxlanılıb və heç bir xəstəlik aşkar olunmayıb.Eyni zamanda heyvanlar vərəm və digər yoluxucu viruslara görə də yoxlanılıb.Müayinə olunduqdan sonra onun həm kəsim, həm də damazlıq üçün istifadəsinə icazə verilir”.
Yolçu Xanvəli qeyd edib ki, necə ki, insanlarda vərəm əleyhinə peyvəndlər vurulur, bu vaksinlər heyvanlarda da həyata keçirilir: “Müəyyən müddətdə vurulan peyvənddən sonra şiş yaranarsa, onda xəstəlik olduğu bəlli olur. Ölkəyə sərhəddən saxta sənədlərlə heyvanların keçirilməsi ilə bağlı deyilən fikirlər əsassızdır.Vərəmli heyvanın ölkəyə buraxılması tamamilə yanlış məlumatlardır”.
Vərəm virusunun Gürcüstanda analiz edilməməsi ilə bağlı məsələyə gəlincə, Yolçu Xanvəli əlavə edib ki, hansı xəstəlik olur-olsun, qarantin müddətində Baytarlıq İdarəsi tərəfindən bütün müayinələr aparılır: “Bu məsələ həddindən artıq ciddi məsələdir. Ona görə də ölkəyə daxil olan bütün heyvanlar müayinələrdən keçirilir.Amma hardasa qaçaqmalçılıqla keçirilən heyvanlar bizim səlahiyyətimizdə olan məsələ deyil.Oğurluqla baş verən hallara biz necə nəzarət edə bilərik.Bu məsələyə Dövlət Sərhəd Xidməti nəzarət edir”.