“Deyəsən, dollar krediti olanlar yaxında şad xəbər alacaqlar” - Hüquqşünas "Beynəlxalq Bank çıxılmaz vəziyyətdədir. Əmanətlər üzrə faiz dərəcəsinin qanunsuz olaraq birtərəfli qaydada azaltmasını əsaslandıra bilmədiyi üçün məhkəmə iclasının qapalı aparılmasını istəyib. Deyəsən, dollar krediti olanlar yaxında şad xəbər alacaqlar”.
Bunu hüquqşünas, bank üzrə mütəxəssis Əkrəm Həsənov deyib.
Məlum olduğu kimi, ötən ilin sonunda Beynəlxalq Bank vətəndaşların xarici valyutadakı əmanətləri üzrə faiz dərəcəsini birtərəfli qaydada 2 faizə endirib. Buna görə də əmanətçilərin xeyli hissəsi əmanətlərini həmin bankdan geri götürüb. Bir qismi də məhkəməyə üz tutub.
Əkrəm Həsənov Beynəlxalq Bankın məhkəməyə müraciət edən əmanətçilərindən birinin vəkili olduğunu deyib.
"Fevralın 21-də Nəsimi rayon Məhkəməsində hakim Rəşid Səmədovun sədrliyi ilə ilk baxış iclası olub. Bankın nümayəndəsi Bəgülov Rasim Ayaz oğlu (onun bankın işçisi olub-olmaması məsələsi də açıq qaldı, çünki əmək müqaviləsini təqdim etməmişdi) iclasa təxmini yarım saat gecikdi. Çıxış etməyə başladım, bu zaman bankın nümayəndəsi çıxışımı kəsərək, şifahi vəsatət verdi ki, iclas qapalı olsun. Guya burada kommersiya sirri olacaq məlumatlar var. Etiraz etdim ki, əvvəla, mən artıq çıxış edirəm. Daha sonra, burada heç bir sirr yoxdur. Sirr varsa, bank sirridir, o da əmanətçiyə aid olan məqamdır. Heç bir yazılı vəsatət də yoxdur axı! Buna baxmayaraq, hakim dərhal kənar şəxslərin iclasdan çıxması haqda qərar verdi.
Çıxışımın qısa mahiyyəti ondan ibarət idi ki, bank ölkədə iqtisadi vəziyyətə istinad edərək öhdəliyinin icrasından yayınır. Guya şərait əhəmiyyətli dərəcədə dəyişib. Məgər vəziyyət bu qədərmi ağırdır? Axı ölkə rəhbərliyi problemlərin olduğunu vurğulasa da, çox optimist bəyanatlar verir. Yəni, bank ölkə rəhbərliyi ilə razı deyil? Ötən il dövlət bu banka 3,3 milyard dollar hədiyyə edib və nəticədə bank 1 milyard manata yaxın mənfəətə çıxıb. Bəs onda niyə deyir ki, vəziyyətim yaxşı deyil və əmanətlər üzrə müqaviləyə uyğun faiz ödəyə bilmir? Qoy onda bank məhkəməyə maliyyə arayışı təqdim etsin ki, niyə öhdəliyini icra edə bilmir!”
O bildirib ki, qanuna görə bankın birtərəfli qaydada əmanət üzrə faiz dərəcəsini endirmək hüququ yoxdur.
"Hər bir halda bunun üçün bank məhkəməyə müraciət etməli idi. Necə ki, ötən il öhdəliklərinin restrukturizasiyası üzrə məhkəməyə müraciət etdi və kreditorların əksəriyyətinin razılığı ilə borcları dövlətin üzərinə keçdi. Niyə xarici kreditorlara və Neft Fonduna münasibətdə bank belə etdi, amma sıravi əmanətçilərə qarşı belə saymamazlıq edir? Buna cavab olaraq nümayəndə dedi ki, guya mən Neft Fondunun əmanəti haqda fikri deməklə bank sirrini yaydım. Zavallının xəbəri yoxdur ki, bu məlumat bankın saytında var. Yeri gəlmişkən, öhdəliklərin restrukturizasiyası haqda heç bir məlumatı yox idi. Əgər bank əmanət üzrə bunu edə bilərsə, onda banklara xarici valyutada borcu olanlar da eyni qaydada faiz dərəcəsini endirə bilər. Buna görə də əslində Beynəlxalq Bankın bu hərəkəti dövlətə və bank sisteminə qarşı təxribatdır və etimadı sarsıdır. Bankın nümayəndəsinin məsələdən demək olar ki, xəbəri yox idi. Elə hay-həşir salmışdı ki, Əkrəm Həsənov banka düşmən kimi baxır. O, bilmir ki, mən elə bu bankın müştərisiyəm və işin hüquqi tərəflərinə aidiyyəti olmayan məqamlara toxunuram. Bu səpkidə etikik çərçivədən kənar bəzi boş-boş şeylər də dedi. Görünür, qeyri-peşəkarsızlıq və qeyri-etiklik Cahangir Hacıyevin getməsi ilə də bu bankda bitməyib”.
Əkrəm Həsənov hesab edir ki, çətin durumda olan məhkəmədir.
"Yalnız ona görə yox ki, qanunsuz qərar verəcək. Bizim hakimlərimizin çoxu üçün bu, yenilik deyil. Problem ondadır ki, axı elə bu məhkəmələrimiz dollar krediti olanlara nə faizdə, nə də başqa məsələdə güzəştə getmir. İndi bu qərarda bankın birtərəfli qaydada faiz dərəcəsini azaltmaq hüququnu tanısa, borcluların əlinə yaxşı nümunə vermiş olacaq. Odur ki, borcluları şad xəbər gözləyir!”.(Modern.az)